Senator Lindsi Qrem qondarma “erməni soyqırımı”nın tanınması haqqında qətnaməni ABŞ Senatında bloklayıb
Senator Lindsi Qrem 1915-ci il hadisələrini formal olaraq “ermənilərin soyqırımı” kimi tanıyan 150 nömrəli qətnaməni ABŞ Senatında bloklayıb.
NUHÇIXAN xəbər verir ki, qanunverici Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəndən sonra bu qənaətə gəlib. L.Qrem Prezident Trampın R.T.Ərdoğanla görüşündə iştirak edən senatorlar qrupunun tərkibində olub.
Konqresdə Donald Trampın ən sadiq müttəfiqlərindən biri olan nüfuzlu respublikaçı senator bu işə demokrat senator Robert Menendes qətnamənin qəbul edilməsinə həmkarlarının razılığını istəyəndən sonra müdaxilə edib. Ötən ay ABŞ Nümayəndələr Palatasında 296 nömrəli analoji sənəd qəbul edilib. “Ermənilərin soyqırımı”nın ABŞ-ın rəsmi mövqeyinə çevrilməsi üçün müvafiq qətnamə Konqresin hər iki palatasında qəbul edilməli və ABŞ Prezidenti tərəfindən imzalanmalıdır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Trampla görüşündən sonra mətbuat konfransında bildirib ki, Nümayəndələr Palatası tərəfindən bu qətnamənin qəbul edilməsi onun ölkəsi üçün “böyük təhqirdir” və bu addım Türkiyə ilə ABŞ arasında “ikitərəfli münasibətlərə kölgə sala bilər”.
L.Qrem Türkiyə Prezidenti ilə görüşdən sonra Senatda qətnamənin qəbul edilməsi əleyhinə çıxıb və bildirib ki, senatorlar “tarixi bəzəməməli və ya onu yenidən yazmağa çalışmamalıdırlar. Senat qaydalarına görə, qətnamənin qəbul edilməsinə razılıq verilməsini hər bir senator tələb edə bilər və hər bir senator da onu bloklaya bilər.