Varşavada turistlərin marağına səbəb olacaq 6 məkan - FOTOLAR
Polşanın paytaxtı Varşava dünyanın əzəmətli şəhərlərindən biridir. İkinci dünya müharibəsi zamanı çox hissəsi dağıdılsa da şəhər yenidən bərpa olunaraq yaşamaq üçün ən ideal məkanlardan birinə çevrilib. Şəhər, həmçinin turistlərin də sevdiyi məkanlardan biridir. Hər il bura milyonlarla turist gəlir.
NUHÇIXAN Varşavaya gələn turistin görməli olduğu 6 ən maraqlı məkan barədə oxuculara məlumat verir. Belə ki, şəhərin və ümumilikdə ölkənin fəxri sayılan Şopen və onun möhtəşəm musiqisi polyakların turistlərə sevərək təqdim etdiklərindən birincisidir. Frederik Şopenin əsrarəngiz musiqisindən həzz ala bilmək üçün şəhərdə qara skamyalar qurulub. Bu skamyalarda çoxsaylı düyməciklər yerləşdirilib və onları sıxmaqla bu musiqidən həzz almaq mümkündür. Həmçinin hər gün şəhərin turistik məkanlarında Şopen musiqisi ifa edən küçə çalğıçılarını da dinləmək olar.
Nikolay Kopernikin şərəfinə adlandırılmış Elmi Mərkəz də maraq doğuran yerlərdən biridir. Mərkəz ən müasir formada quraşdırılıb, burada həmişə kiçik səhnəciklər təşkil olunur. Xüsusən uşaqlar üçün maraqlı olan bu tədbirlərə baxmaq da onlar üçün pulsuzdur.
Təbii ki, Polşa deyəndə ağıla ilk gələn digər ad Visladır. Visla çayının ətrafı turistlərin sevimli yerlərindən biridir. Burada həmişə açıq olan kafe və restoranlar qonaqlara polyak mətbəxindən ən dadlı yemək və desertləri təqdim edir. Habelə yay aylarında burada çimmək üçün də xüsusi ərazilər yaradılır.
Polşanın məşhur şokoladlarını dadmağı kim istəməz ki? Məşhur “Wedel” şokolad fabriki müəyyən saatlarda ekskursiyalar təşkil edir. Ekskursiyalarda məşhur şokolad fabrikinin məhsullarını dadmaq mümkündür. Habelə fabrikin ərazisində kafe və suvenir mağazaları da mövcuddur. Kafedə isti şokoladın dadına baxmaq mütləq ediləsi işlərdən biridir.
Varşavanın Kral Bağı da 17-ci əsrdən bəri möhtəşəmliyi ilə valeh edir. Barokko stilində inşa edilmiş parkın ətrafında bir neçə əzəmətli saray da var. Yay aylarında parkda pulsuz yoqa və meditasiya məşğələləri təşkil olunur.
YUNESKO-nun mədəni irsi sayılan Köhnə Şəhər də bir turistin bütün gününü keçirə biləcəyi maraqlı məkanlardandır. Burada çoxsaylı heykəl və tarixi binalar var. Habelə hər gün açıq olan yarmarkada suvenir, yemək, geyim və delikateslər almaq mümkündür. Köhnə şəhəri gəzərkən Varşava Universiteti, Kopernikin heykəli, Novi Svat küçəsi, Müqəddəs Anna kilsəsi də turistləri valeh edir.