“Boeing 737” dünyada ən çox satılan təyyarə statusunu rəqibi “Airbus” kompaniyasının A320 modelinə uduzub.
NUHÇIXAN Business Insider portalına istinadla xəbər verir ki, oktyabr ayının sonunadək müxtəlif modifikasiyalı “Boeing 737” təyyarələrinə 15 min 136 sifariş, A320 təyyarələrinə isə 15 min 193 sifariş qeydə alınıb. Məlumatda qeyd olunur ki, “Airbus” kompaniyası öz rəqibinə yalnız son illərdə yaxınlaşa bilib və “A320 neo” modelinin təqdimatından sonra fərq daha da azalıb. 2018-ci ilin sonlarında A320 təyyarələri “Boeing 737”-dən 400 sifariş geri qalırdı.
Mütəxəssislərin fikrincə, Fransa korporasiyasının amerikalı rəqibini qabaqlamasına “Boeing 737 MAX 8” təyyarəsi ilə bağlı iki qəza səbəb olub.
Xatırladaq ki, “Ethiopian Airlines” aviakompaniyasına məxsus “Boeing 737-MAX 8” təyyarəsi martın 10-da qəzaya uğramışdı. Qəza nəticəsində təyyarənin göyərtəsindəki 157 sərnişin, o cümlədən 8 ekipaj üzvü həlak olmuşdu. 2018-ci il oktyabrın 29-da isə İndoneziyanın “Lion Air” aviakompaniyasına məxsus “Boeing 737 MAX” təyyarəsinin qəzaya uğraması nəticəsində 181 sərnişin və 8 ekipaj üzvü həyatını itirmişdi.
Efiopiyada baş verən qəzadan sonra bir çox ölkələr, o cümlədən ABŞ və Avropa İttifaqı dövlətləri “Boeing 737 MAX” təyyarələrinin istifadəsindən imtina edib və bu laynerlər üçün öz hava məkanlarını bağlayıb. “Boeing” kompaniyasının rəhbəri Dennis Melenberq qəzadan öncə hər iki təyyarənin MCAS (Maneuvering Characteristics Augmentation System – Manevr xarakteristikasını yaxşılaşdırma sistemi) sisteminin işində nasazlıq olduğunu etiraf edib.
Ekspertlərin sözlərinə görə, yanvar ayında 737 MAX təyyarələrinin uçuşları bərpa etməyə imkan verəcək sertifikatı alacağı təqdirdə gələn ildən həmin modellərin sifarişi arta bilər.