Çin “BeiDou” naviqasiya sisteminin növbəti iki peykini orbitə çıxarıb.
NUHÇIXAN xəbər verir ki, sistemin 50-ci və 51-ci peykləri Siçanq kosmik mərkəzindən “Long March-3B” raketdaşıyıcısı ilə buraxılıb. Buraxılış yerli vaxtla səhər 8:55-də baş tutub. Təxminən 3 saatdan sonra peyklər nəzərdə tutulan orbitə çatıblar.
Bu, "Long March" raketdaşıyıcılarının 319-cu buraxılışı olub.
Qeyd edək ki, 2011-ci ilin dekabrında kommersiya istifadəsinə verilən “BeiDou” peyk sistemi 2012-ci ilin dekabrından Asiya-Sakit okean regionu ölkələrində mülki xidmətlərin göstərilməsinə başlayıb. Sistem Çin, qonşu ölkələr və Asiya-Sakit okean regionu ərazisində coğrafi koordinatların müəyyənləşdirilməsini təmin edir. “BeiDou” sistemi dünyada GPS (ABŞ), “GLONASS” (Rusiya) və “Galileo”dan (“Avropa İttifaqı) sonra 4-cü naviqasiya sistemidir. Orbitdə “Beidou” sisteminin formalaşdırılmasının 2020-ci ildə başa çatdırılması planlaşdırılıb.