Ermənistanda sosial problemlər dərinləşir

İşsizliyin səviyyəsinin azaldılması ilə bağlı Paşinyan hökumətinin vədi yerinə yetirilməyib

A- A A+

Ermənistanda son hakimiyyət dəyişikliyindən sonra ölkədə hansısa ciddi dəyişikliklərin olacağına dair ümidlər yavaş-yavaş yerini bədbinliyə verir. Çünki dəyişən heç nə yoxdur. Baş nazir vəzifəsini tutduqdan sonra Nikol Paşinyan da sadəcə quru vədlər verməklə kifayətlənir və reallıqda müsbətə doğru hansısa addımlar atmır.

Halbuki Nikol Paşinyan baş nazir seçildikdən sonra gözlənilirdi ki, ölkədə normal həyat tərzi başlayacaq, sosial-iqtisadi sahədə problemlər qismən də olsa aradan qaldırılacaq və rəhbərlik daxili, xarici siyasətdə beynəlxalq səviyyədə qəbul edilmiş qaydalar çərçivəsində fəaliyyət göstərəcək.

Lakin hadisələrin inkişaf axarı göstərir ki, forpost dövlət qarşıdakı dövr ərzində də sosial, siyasi və iqtisadi problemlərdən yaxa qurtara bilməyəcək.

Yerli mətbuatın verdiyi xəbərə görə, cari ilin 9 ayı ərzində Ermənistanda sosial proqramların cəmi 50 faizi həyata keçirilib. İşsizliyin səviyyəsinin azaldılması ilə bağlı Paşinyan hökumətinin vədi yerinə yetirilməyib. Ölkədə əlillərin məşğulluğu isə dörd dəfə azalıb.

Vurğulanır ki, geriləmənin əsas səbəbi korrupsiya və "kölgə iqtisadiyyatı” ilə mübarizə pərdəsi altında idarəçiliyin yarıtmaz olmasıdır. "Lragir” qəzeti yazır ki, ötən ildə sosial proqramların həyata keçirilməsi 2019-cu ilin doqquz ayında olduğundan 25 faiz çox olub: "Dövlət büdcəsindən 250 min işsiz vətəndaş üçün ayrılan vəsaitin cəmi 25 faizi onların məşğulluğunun təmin edilməsinə xərclənib. Minlərlə vətəndaş sosial müdafiədən məhrum olub, Əmək və Sosial Məsələlər Nazirliyi konstitusiyanın müvafiq maddələrini kobud şəkildə pozmaqda davam edir”.

Qeyd olunur ki, hökumət işsizlərin özlərini günahlandırıb. Görünən odur ki, bu gün xaricdən gətirilən işçi qüvvəsinə üstünlük verilməkdədir. Az maaşa qane olmayan erməni fəhlələri hindistanlılar əvəz edirlər. Ermənistan hökuməti gələn ildən məşğulluq məsələləri ilə bağlı proqrama müsbət dəyişikliklər olacağını vəd edir, lakin ekspertlər bu vədə skeptik yanaşırlar. Sosial problemlərdən çıxış yolu tapa bilməyən vətəndaşlar çarəni etiraz aksiyalarında görürlər.

Bu arada Paşinyan hökuməti növbəti dəfə beynəlxalq tədbirdən böyük uğursuzluqla qayıdıb. Belə ki, ötən həftə Vaşinqtondakı Alman Marşal Fondunda keçirilən və ABŞ-da səfərdə olan Ermənistan parlamenti spikerinin müavini Vahe Enfiajyanın, Lilit Makuntsun (Paşinyanın "Mənim addımım” alyansının rəhbəri), Edmon Marukyanın və Tatevik Hayrapetyanın çıxış etdikləri "Ermənistanda məxməri inqilabın vədləri: demokratik islahatların irəli aparılması və ABŞ ilə strateji əməkdaşlığın gücləndirilməsi” adlı tədbirinə bir neçə həftə hazırlıq görülsə də, iclasa cəmi 13-14 nəfər qatılıb.

Tədbirdə çıxış edən erməni deputatlar iddia olunan "demokratik islahatlar”ın mahiyyəti məsələsinə aydınlıq gətirməyib, iqtisadiyyatın gücləndirilməsi və Ermənistan əhalisinin rifahının yaxşılaşdırılması istiqamətində Paşinyan hakimiyyətinin hansı işlər gördüyü barədə suallara cavab verməyiblər. Erməni parlamentarilər "məxməri inqilab” adlandırdıqları prosesin xarici siyasətdə dəyişikliyə səbəb olmayacağı barədə tezisi təkrarlayıblar. Onlar ABŞ-la strateji dialoqa başladıqlarını qeyd etsələr də, bu dialoqun hansı məzmuna malik olduğu ilə bağlı sualın cavablandırılmasında çətinlik çəkiblər.

Mövcud vəziyyət işğalçı ölkədə xaotik durumun daha da dərinləşdiyini göstərir. Belə vəziyyətdə insanların maddi rifah halının yaxşılaşması, Ermənistanın düşdüyü izolyasiya vəziyyəti ölkənin xilası üçün müsbət heç nə vəd etmir. Bu arada məlum olub ki, Ermənistan İctimai Şurasının keçmiş sədri Vazgen Manukyan tərəfindən yaradılmış "Vernatun” ictimai-siyasi klubu Qarabağda yığıncaq keçirəcək.

Yerli medianın verdiyi xəbərə görə, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru David Şahnazaryan, sabiq baş nazir Xosrov Arutunyan, "İrs” partiyasının keçmiş sədr müavini Ruben Akopyan, Robert Koçaryanın ofisinin rəhbəri Viktor Soqomonyan və başqalarının üzv olduğu "Vernatun” klubu əsas mövzular kimi Qarabağ münaqişəsinin həlli və Ermənistan hakimiyyətinin səriştəsizliyini seçib.

Amma siyasi kuluarlarda Qarabağda toplaşacaq Paşinyan əleyhdarlarının qondarma rejimdə 2020-ci ildə keçiriləcək "prezident seçkiləri”nin əsas namizədlərindən biri olan Vitali Balasanyana dəstək verəcəkləri gözlənilir. Keçmiş hərbi xuntanın əsas və fəal üzvlərindən sayılan Balasanyan Nikol Paşinyan və onun "Mənim addımım” blokunu kəskin ifadələrlə tənqid edir.

Bütün bunlar göstərir ki, həm Ermənistanda, həm də işğal olunmuş ərazilərdə xaotik vəziyyət dərinləşir. Belə vəziyyət isə ermənilərin qarşıdakı günlər ərzində daha böyük problemlər yaşaması deməkdir.

 

Elçin Cəfərov

"Azərbaycan” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: