Yaponiyanın “Toshiba” şirkəti xərçəng xəstəliyini 99 faiz dəqiqliklə aşkar edən üsul tapıb - FOTOLAR
Yaponiyanın “Toshiba” şirkəti qanın tərkibində xərçəng xəstəliyini bir neçə saat ərzində 99 faiz dəqiqliklə aşkar etməyə imkan verən yeni üsul tapıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda bildirilir.
Qeyd edilir ki, yeni texnologiya Tokio Tibb Universiteti və Milli Onkoloji Mərkəzlə birlikdə hazırlanıb.
Məlumata görə, yeni üsul qan hüceyrələri tərəfindən ayrılan mikro RNK molekullarını ölçməyə imkan verir. Bu zaman mədə, süd vəzi, mədəaltı vəz və digər orqanlardakı 13 növədək xərçəngi müəyyən etmək mümkündür.
Tədqiqatçılar qeyd edirlər ki, yoxlamaların aparıldığı kiçik cihaz xəstəliyi 2 saat ərzində müəyyənləşdirməyə imkan verəcək. Bu, xərçəng xəstəliyinin müayinəsinin dəyərini də xeyli aşağı salmağa şərait yaradacaq.
“Toshiba” şirkəti yaxın illərdə yeni texnologiyanın kommersiya əsaslarının yaradılması üçün testlərin davam etdirilməsini planlaşdırır.
Əlavə olaraq bildirək ki, Yaponiyada onkoloji xəstəliklərin artması fonunda bu xəstəliklərlə mübarizənin yeni üsulları araşdırılır. Bu üsullar ilk növbədə diaqnostikanın təkmilləşdirilməsini və xəstəliyin ilk mərhələlərdə aşkar edilməsini nəzərdə tutur.