Türkiyəli hərbçilər noyabrın 25-də S-400 zenit-raket komplekslərinin radiolokasiya sistemlərinin sınağına başlayacaq.
NUHÇIXAN CNN Turk telekanalına istinadla xəbər verir ki, test sınaqları Ankara yaxınlığında keçiriləcək. Bunun üçün havaya müxtəlif uçan aparatlar, o cümlədən F-16 qırıcı təyyarələri buraxılacaq. Türkiyəli mütəxəssislər zenit-raket sistemləri və təyyarələr arasında əlaqəni yoxlamaq istəyirlər.
Xatırladaq ki, 2017-ci ilin dekabr ayında Türkiyə və Rusiya S-400 “Triumf” zenit-raket komplekslərinin satın alınmasına dair 2,5 milyard dollar həcmində kredit sazişi imzalayıb. Bu saziş Ankara və Vaşinqton arasında beynəlxalq qalmaqala səbəb olub. Birləşmiş Ştatlar Türkiyədən bu sövdələşməni dayandırmağı və əvəzində ABŞ istehsalı olan “Patriot” zenit-raket komplekslərini satın almağı tələb edib. Əks halda Vaşinqton F-35 qırıcı təyyarələrinin Türkiyəyə satışının ləngidiləcəyini və ya tamamilə dayandırılacağını bildirib. Ankaranın güzəştə getməyəcəyi barədə bəyanatından sonra onun proqramdakı iştirakı dayandırılıb.
Rusiyanın ən yeni hava hücumundan müdafiə sistemləri S-400 zenit-raket kompleksləri iyul ayının ortalarından Türkiyəyə çatdırılmağa başlanılıb.
Uzaq məsafəli S-400 zenit-raket sistemi Rusiyada silahlanmaya 2007-ci ildə qəbul olunub. O, aviasiya vasitələrini, qanadlı raketləri, o cümlədən orta təsir radiuslu ballistik raketləri, həmçinin yerüstü obyektləri məhv etmək üçün nəzərdə tutulub. Hərəkət məsafəsi 400 kilometrdə çatan zenit-raket sistemi hədəfi 30 kilometrədək hündürlükdə vura bilir.
Türkiyə Belarus və Çindən sonra S-400 zenit-raket kompleksləri alan üçüncü ölkədir. Yaxın vaxtlarda onlara Hindistan da qoşulacaq.