Almaniyanın Drezden şəhərində naməlum şəxslər Avropada ən iri zinət əşyaları kolleksiyasının saxlanıldığı “Yaşıl qübbə” muzeyini qarət ediblər.
NUHÇIXAN Deutsche Welle teleradio kompaniyasına istinadla xəbər verir ki, bu barədə polis orqanları məlumat yayıb.
“Bild” qəzetinin məlumatına görə, cinayətkarlar əvvəlcə binanın elektrikini kəsib və muzeyə pəncərədən girərək bir sıra qiymətli əşyaları oğurlayıblar. Muzeyə milyon dollardan çox zərər dəydiyi bildirilir.
Qeyd edək ki, “Yaşıl qübbə” (Grünes Gewölbe) muzeyində qızıldan, gümüşdən, qiymətli daşlardan, fil dişindən və digər qiymətli materiallardan hazırlanan 3 minə yaxın eksponat saxlanılır. İkinci Dünya müharibəsi zamanında muzeyə ciddi zərər dəyib və onun eksponatları uzun müddət Drezdendəki Albertinum təsviri sənət muzeyində saxlanılıb. “Yaşıl qübbə” təmir-bərpa işlərindən sonra 2006-cı ildə yenidən fəaliyyətə başlayıb.