Norveçin qərb hissəsindəki Edoya adasında yerləşən kilsə yaxınlığında Norveç Mədəni İrsin Tədqiqatları İnstitutunun arxeoloqları tərəfindən aparılan arxeoloji qazıntı işləri zamanı vikinqlər dövrünə aid olması ehtimal edilən insan məskəninin və gəminin qalıqları aşkar edilib.
NUHÇIXAN xəbər verir ki, bu ərazidə arxeoloji tədqiqatlar tarixi izləri aşkar etməyə imkan verən ən yeni georadar texnologiyalarından istifadə edilməklə aparılıb.
Edoya adasındakı kəşf ilə arxeoloqlar tərəfindən bu il Yelestadda aşkar edilmiş tapıntı arasında xeyli oxşarlıq var. Hər iki gəmi torpağın üst qatından bir az aşağıda yerləşirdi, Orada əvvəl kurqan olub. Georadar məlumatlarında diametri 18 metr olan kurqanın mərkəzində gəminin 13 metr uzunluğunda kili aydın görünür. Arxeoloqlar vurğulayırlar ki, gəminin nə vaxt inşa olunmasını dəqiq təyin etmək mümkün deyil, amma, bununla belə, onlar əmindirlər ki, gəminin yaşı 1000-dən çoxdur.