Dünyanın əmtəə bazarlarında qəhvənin qiyməti son bir ayda 23 faizdən çox bahalaşıb.
NUHÇIXAN “Forbes” nəşrinə istinadla xəbər verir ki, buna ən böyük qəhvə ixracatçılarından biri Hondurasda beş il davam edən quraqlıqdan sonra qəhvə yığımı həcminin azalması səbəb olub.
Oktyabrın ortalarında 1 funt qəhvə 0,93 dollara satılırdı, noyabr ayında isə qiymət 1,15 dollara çatıb. Lakin, bu, əvvəllər qeydə alınan qiymətdən xeyli ucuzdur. 2011-ci ildə 1 funt qəhvənin qiyməti təxminən 3 dollara qalxmışdı.
Hondurasdakı əksər plantasiya və qəhvə anbarları beynəlxalq əmtəə birjalarının monitorinqinə daxil edilib. Burada məhsuldarlığın və anbarlarda qəhvə ehtiyatının azalması digər ölkələrə nisbətən dünya bazarlarına daha çox təsir edir.
Nəşrin hesablamalarına görə, dünyada hər gün orta hesabla 2 milyard fincan qəhvə içilir. Qəhvə ixracatı 20 milyard avro dövriyyə malikdir. İstehsalatın böyük hissəsi inkişaf etməkdə olan ölkələrin payına düşür.