İsveçin “Nordic Monitor” nəşrinin noyabrın 27-də dərc etdiyi “Türkiyə Ermənistana qarşı hərbi əməliyyat planlaşdırır” sərlövhəli məqalə ermənilərin böyük təşvişinə səbəb olub.
NUHÇIXAN erməni KİV-nə istinadla xəbər verir ki, Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan dekabrın 2-də iordaniyalı həmkarı Ayman əs-Səfədi ilə keçirdiyi mətbuat konfransında rəsmi Yerevanın Türkiyənin Ermənistana ehtimal edilən hücumu mövzusunda qalmaqallı məqalə ətrafına yaranan şəraiti izlədiyini bəyan edib.
“Nordic Monitor” nəşrinin iddiasına görə, Türkiyənin hərbi rəhbərliyi Ermənistan ərazisinə havadan zərbələr endirməyi planlaşdırıb. Mnatsakanyan bununla bağlı əlavə edib: “Mən bu informasiyanı təkzib və ya təsdiq edə bilmərəm. Bunu, ilk növbədə, Türkiyə etməlidir. Düzünü desəm, hələ ki, Türkiyə tərəfindən heç bir reaksiya verilməyib”. Onun sözlərinə görə, bunun Ermənistanda böyük təşvişə səbəb olduğunu söyləmək artıqdır və rəsmi Yerevan hadisələrin gedişini izləməkdə davam edəcək.
Ermənistan-Türkiyə münasibətlərinin normallaşması məsələsinə toxunan erməni nazir qeyd edib ki, Türkiyə tərəfindən gələn təhlükə Ankaranın rəsmi siyasəti ilə bağlıdır. O iddia edib ki, qarşı tərəfdən davam edən blokada, əlaqələrin yaradılmasında istəksizlik və Azərbaycana hərbi dəstək göstərilməsi Ermənistana təhlükə yaradır. Mnatsakanyan onu da qeyd edib ki, 2009-cu ildə Sürixdə imzalanmış protokolu da Ankara özü rədd edib.