Cari onillik meteoroloji müşahidələrin başladığı vaxtdan bəri ən isti dövr ola bilər.
NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə məlumat Dünya Meteorologiya Təşkilatının Madriddə keçirilən iqlim üzrə COP25 konfransında təqdim olunan məruzəsində yer alıb.
2019-cu ildə dünya temperaturu (yanvar ayından oktyabra qədər olan məlumat) sənayeləşmədən öncəki dövrlə müqayisədə 1,1 dərəcə yüksək olub. Cari il meteoroloji müşahidələrin başlandığı vaxtdan indiyədək qeydə alınan ən isti illər arasında ikinci və ya üçüncü yeri tutacaq. Ən isti il isə əvvəlki kimi 2016-ci ildir. “Sonuncu beşillik (2015-2019-cu illər) və onillik (2010-2019-cu illər) çox güman ki, meteoroloji müşahidələrin başladığı vaxtdan bu yana ən isti dövrlər olacaq”, - təşkilatın məruzəsində belə deyilir.
2018-ci ildə atmosferdə karbon qazının miqdarı rekord səviyyəyə çatıb və 2019-cu ildə artmaqda davam edib. Qrenlandiya və Antarktidada buzlaqların əriməsi dəniz səviyyəsinin yüksəlməsinə səbəb olur.
Qeyd edək ki, dekabrın 2-13-də Madrid şəhərində Çilinin sədrliyi ilə BMT-nin iqlim dəyişikliyi barədə çərçivə konvensiyası tərəflərinin konfransı (COP25) keçirilir. Konfransda 200-ə yaxın ölkənin nümayəndəsi iştirak edir.