Londonda keçirilən Şimali Atlantika Alyansı sammitinin ikinci günündə dövlət başçıları Britaniya paytaxtından kənarda formal danışıqlar aparacaqlar.
NUHÇIXAN Reuters agentliyinə istinadla xəbər verir ki, təşkilatın 70 illik yubileyinin də qeyd edildiyi sammitin birinci günü ABŞ və Fransa Prezidentləri Donald Tramp və Emmanuel Makron arasında gərginliklə, habelə müttəfiqlər arasında maliyyə problemlərinin müzakirəsi ilə yadda qalıb. Bir tərəfdən Donald Trampın Fransanın dövlət başçısının NATO-nun “beyin ölümü” keçirdiyi sözlərini “hörmətsizlik” adlandırması və Paris ilə Vaşinqton arasında ticarət mübahisələrinin qızışması, digər tərəfdən isə Emmanuel Makronun ABŞ-ı alyansa yetərincə kömək etməməkdə ittiham etməsi vəziyyəti daha da gərginləşdirib. Daha bir mübahisə doğuran məsələ Türkiyənin Şimali Suriyada hərbi əməliyyatları ilə bağlıdır.
Dekabrın 3-də dövlət başçıları Vatford otelində danışıqlar aparıb, həmçinin Bukingem sarayında kraliça II Elizabetin təşkil etdiyi ziyafətdə iştirak ediblər. Bundan başqa, Böyük Britaniya Baş Nazirinin ofisində də onların şərəfinə rəsmi ziyafət təşkil edilib.
Dekabrın 4-də keçiriləcək üçsaatlıq formal görüşdə alyansın kiber hücumlara qarşı mübarizəsi, Çinin qarşıya qoyduğu strateji çağırışlara cavab verilməsi məsələləri müzakirə ediləcək. Böyük Britaniyanın Baş Naziri Boris Conson NATO-nun sammitində “bir nəfər hamı, hamı bir nəfər üçün” devizini irəli sürüb.
Sammit çərçivəsində NATO-nun Baş katibi Yens Stoltenberq ilə ABŞ Prezidenti Donald Tramp arasında danışıqlar da aparılıb. Şimali Atlantika Alyansının rəhbəri qeyd edib ki, 2024-cü ilədək Kanada və Avropa ölkələrinin müttəfiq qismində müdafiə xərcləri 400 milyard dollaradək artırılacaq. Vaşinqton isə alyansa ayıracağı vəsaitlə bağlı son açıqlamanı sammitin yekununda verəcək.