“Apple” korporasiyası “iPhone” smartfonuna barmaq izi skanerini əlavə edəcək. “Touch ID” skanerinin yeni versiyası 2020 və ya 2021-ci illərdə əlçatan olacaq. Bu haqda Çinin “Economic Daily News” portalı yazıb.
NUHÇIXAN lenta.ru saytına istinadən xəbər verir ki, insayderlərin məlumatına görə, “Apple”ın əməkdaşları Tayvanın “GIS” şirkətinin nümayəndələri ilə görüşərək “iPhone” üçün ekran tədarükünü müzakirə ediblər. Məlumata görə, “GIS” şirkəti ekranlara inteqrasiya edilmiş ultrasəs sensorlar istehsal etmək üçün “Qualcomm” ilə əməkdaşlıq edəcək. “Apple” belə sistemə malik ilk smartfonunu ya 2020, ya da 2021-ci ildə təqdim edəcək.
“Qualcomm” artıq “Samsung”un smartfonları üçün daktiloskopik skanerlər istehsal edir, həmçinin şirkət böyük ölçüyə malik yeni sensor təqdim edib. Hazırda bazarda iki növ ekran skaneri mövcuddur: optik və daha bahalı ultrasəs. Sonuncu daha etibarlı hesab edilir, çünki dəqiq 3D barmaq izi yaradır.