Hökumətlər tərəfindən iqlim dəyişikliyi ilə bağlı normativ tələblərin sərtləşdirilməsi nəticəsində dünyanın müxtəlif kompaniyalarının kapitalı 2,3 trilyon dollar azala bilər.
NUHÇIXAN Reuters agentliyinə istinadla xəbər verir ki, bu hesablamanı BMT-nin Principles for Responsible Investment (İnvestisiya məsuliyyəti prinsipləri) maliyyə təşəbbüsü təşkilatı aparıb. Təşkilatın proqnozuna görə, bundan ən çox kömür (44 faiz) və neft-qaz kompaniyaları (31 faiz) zərər çəkəcək. Elektromobillərə investisiya yatıran avtomobil istehsalçıları və elektrik enerjisi kompaniyaları isə əksinə, xeyli gəlir əldə edəcək. Onların kapitalının iki dəfə artacağı gözlənilir.
İqlim dəyişikliyi üzrə hökumətlərarası ekspertlər qrupunun Koreya Respublikasının İnçhon şəhərindəki görüşünün nəticələrinə əsasən dərc olunan xüsusi məruzəyə görə, planetdə temperatur artımının 1,5 dərəcədə saxlanılması su resurslarının 2100-cü il üçün nəzərdə tutulan defisitini 50 faiz azaltmağa imkan verəcək. Həmçinin ekspertlər belə nəticəyə gəliblər ki, 2010-cu illə müqayisədə 2030-cu ilədək atmosferə karbon qazının atılmasını 35 faizə qədər azaltmaq, 2050-ci ilə qədər isə tamamilə dayandırmaq lazımdır.