Bu gün Stokholm və Osloda Nobel mükafatlarının təqdimatı mərasimləri, habelə laureatlar və qonaqlar üçün bayram ziyafətləri təşkil ediləcək. Tədbir Alfred Nobelin vəfatının ildönümünə - dekabrın 10-na təsadüf edir.
NUHÇIXAN mükafatın rəsmi saytına istinadla xəbər verir ki, Stokholmda Nobel mükafatının on dörd laureatına İsveç kralı XVI Qustav tərəfindən fəxri diplomlar və Stokholm Filarmoniyasının qızıl medalları təqdim ediləcək. Alfred Nobelin vəsiyyətinə əsasən, Sülh mükafatını Osloda Norveç Nobel Komitəsinin sədri təqdim edir.
2019-cu ildə Nobel Sülh mükafatı sülhə və beynəlxalq əməkdaşlığa nail olmaq üçün göstərdiyi səylərə və xüsusən qonşu Eritreya ilə sərhəd münaqişəsinin həlli ilə bağlı qətiyyətli təşəbbüsünə görə Efiopiyanın Baş Naziri Abiy Əhməd Əliyə verilib.
Bundan başqa, fiziologiya və tibb üzrə Nobel mükafatı amerikalı alimlər Uilyam Kelin və Qreqq Sementsə, habelə britaniyalı ser Piter Retkliffə təqdim olunacaq. Fizika sahəsində mükafatın laureatları isə kanadalı alim Ceyms Piblz, isveçrəli Mişel Mayor və Didye Kelodur. Kimya üzrə Nobel mükafatının builki laureatları amerikalı Con Qudinaf, britaniyalı Stenli Uittingem və yapon Akire Yosinodur.
2019-cu il ədəbiyyat üzrə Nobel mükafatı iki ilin – 2018-ci və 2019-cu ilin yekunlarına görə polyak yazıçısı və şairəsi Olqa Tokarçuk və avstriyalı dramaturq Peter Handkeyə təqdim ediləcək. Bu mükafatın ötənilki nominasiyasında mübahisələr yaranmışdı.
İsveç Dövlət Bankının Alfred Nobelin xatirəsinə təsis etdiyi iqtisadiyyat üzrə Nobel mükafatının laureatları hind mənşəli amerikalı tədqiqatçı Abhicit Banerci, fransız Ester Düflo və amerikalı Maykl Kremer olublar.
Qeyd edək ki, hər bir nominasiya üzrə Nobel mükafatının məbləği 9 milyon krondur (944 min dollar).