NASA Aya kosmik gəmini buraxacaq ağır raketlərin 1,6 milyard dollara başa gələcəyini açıqlayıb

A- A A+

ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyi (NASA) Aya kosmik gəmini buraxacaq “Space Launch System” (SLS) ağır raketlərinin hər birinin 1,6 milyard dollara başa gələcəyini açıqlayıb. Agentliyin rəhbəri Cim Braydenstayn bəyan edib ki, NASA-ın öz məkanında yığılacaq cəmi bir raketə 800 milyon, “Boeing” şirkətinə veriləcək sifarişə isə 1,6 milyard dollar xərclənə bilər.

NUHÇIXAN CNN telekanalına istinadla xəbər verir ki, SLS sisteminə daxil olan raketlər “United Launch Alliance” (ULA) şirkətinin “Delta IV” raketdaşıyıcısından və “SpaceX”in istehsal etdiyi “Falcon Heavy”dən daha bahalıdır. Belə ki, “Delta IV” raketdaşıyıcısı cəmi 300 milyon, “Falcon Heavy” isə daha az – 90 milyon dollara başa gəlir. Qiymətin bahalı olmasına rəğmən Braydenstayn SLS sistemi raketlərinə üstünlük verir. Çünki onlar çəki qüvvəsi və gücünə görə daha üstündür, habelə təkcə yüklərin deyil, həm də astronavtların daşınması baxımından standartlara uyğundur.

NASA-nın rəhbəri deyib: “Bəli, SLS sistemi raketlərinin hazırlanmasına çox vaxt sərf olunub və Amerikanın vergi ödəyiciləri bu layihəyə daha çox pul xərcləyiblər. Lakin bu, ABŞ-ın kosmosda lider mövqeyinin təmin edilməsi üçün əsas məsələdir. Biz məhz bunu etməyə çalışırıq”.

Xatırladaq ki, bu ilin yazında NASA Ayın tədqiqi üzrə yeni proqramın “Artemida” adlanacağını bəyan edib. Qeyd olunub ki, missiya üç mərhələdən ibarət olacaq: Birinci mərhələdə - 2020-ci ildə “Orion” pilotsuz kosmik gəmisinin Ayın orbitində sınaq uçuşları və onun yerə qayıtması, ikincidə - 2022-ci ildə pilotlu missiyanın Yerin təbii peykinin ətrafında uçuşu nəzərdə tutulur. 2024-cü ildə isə Amerika astronavtlarının Ayın səthinə enməsi həyata keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: