İtaliya hökuməti ənənəvi espresso qəhvəsini UNESKO-nun qeyri-maddi mədəni irsi kimi qeydiyyata salmağa hazırlaşır.
NUHÇIXAN xəbər verir ki, UNESKO hələ 2017-ci ildə Neapol pizzasını sözügedən siyahıya daxil etdikdən sonra İtaliya hökuməti eyni addımı qəhvə üçün də atmağı düşünürdü. Lakin burada əsas məqam qəhvənin özü yox, onun məhz italyansayağı hazırlanması nəzərdə tutulub.
İtalyanlar demək olar ki, hər gün ən azı bir dəfə ayaqüstü espresso və ya digər italyansayağı hazırlanmış tünd qəhvə içirlər. Bu, onların həyat tərzidir və italyanlar qəhvə içməyəndə özlərini bədbəxt hiss etdiklərini deyirlər. Adambaşına illik orta hesabla 6 kiloqram quru qəhvə düşür.
Əsl espressonu bu işi yaxşı bilən barista 20-27 saniyə arasında hazırlamalıdır. Hətta əsl italyanlar qəhvəni xüsusi dar fincanlarda içirlər. Bu zaman onun istiliyi lazım olan səviyyədə qalır. Fincanlar da əvvəlcədən isidilir.
Müraciət üzrə qərar 2020-ci ildə açıqlanacaq.