Türkiyə Suriya böhranının həllində və Aralıq dənizindəki su sərhədlərinin qorunmasında mövqelərini qətiyyətlə müdafiə edəcək.
NUHÇIXAN xəbər verir ki, bu fikirləri Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyə Böyük Millət Məclisindəki çıxışında ifadə edib.
Nazir, həmçinin NATO daxilindəki fəaliyyəti, təhlükəsizlik qüvvələrinin ələ keçirdikləri terrorçuların ölkədən xaric edilməsi, terrorçuluqla mübarizə, qonşu dövlətlərlə münasibətlərə dair xarici siyasətin vəziyyəti barədə millət vəkillərinə məlumat verib.
M.Çavuşoğlu diqqətə çatdırıb ki, Türkiyə bütün fəaliyyətini beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirir və özünün təhlükəsizliyini təmin etmək məsələsində geri addım atmayacaq. Həm dövlət sərhədləri xaricində, həm də ölkə daxilində bütün terror təşkilatlarına eyni qətiyyətli münasibət sərgiləyir. Xarici ölkə vətəndaşı olan terrorçuların ölkədən çıxarılması sonadək davam edəcək. Eyni zamanda terrorçuların ailə və uşaqlarına humanist münasibət bəslənilir və onların taleyi barədə ədalətli qərarlar verilir. Türkiyə beynəlxalq təşkilatlar, o cümlədən NATO və Avropa İttifaqı, eləcə də qonşu dövlətlərlə bütün problemləri danışıqlar yolu ilə həll etməyə hazırdır.