Avstraliya polisinin erməni terroru ilə bağlı cinayət işini yenidən istintaqa qaytarması Türkiyədə rezonans doğurub

A- A A+

Türkiyənin Sidney şəhərindəki baş konsulu Şarık Arıyak və təhlükəsizlik üzrə attaşe Engin Severin xidmət etdikləri diplomatik nümayəndəliyin qarşısında erməni terrorçu tərəfindən vəhşicəsinə qətlə yetirilmələri ilə bağlı cinayət işinin 39 ildən sonra yenidən istintaqa qaytarılması qardaş ölkədə rezonans doğurub.

NUHÇIXAN xəbər verir ki, Avstraliya polisi ASALA erməni terror təşkilatı tərəfindən törədilən terror aktı ilə bağlı xüsusi tərkibli istintaq qrupu yaradıb. Türkiyənin nüfuzlu KİV-ləri mövzu ilə bağlı geniş materiallar yaymağa başlayıblar. Materiallarda erməni terror təşkilatlarının yaranması, inkişaf və fəaliyyət istiqamətləri, əsas hədəflərinə geniş yer ayrılır. Yazılarda, həmçinin bu cinayət işinin yenidən gündəmə gətirilməsinin səbəbləri barədə ekspertlərin rəyləri ictimaiyyətə təqdim olunur.

XIX əsrin sonlarında yaranan erməni terror təşkilatları Osmanlı dövlətinə və əhalisinə qarşı sistemli şəkildə ağır cinayətlər törədiblər. Bu terror təşkilatları Birinci Dünya müharibəsi zamanı erməni üsyanlarının əsas təşkilatçısı olublar. 1914-1923-cü illərdə erməni terrorçular türkiyəli və azərbaycanlı dövlət xadimlərinə qarşı çoxsaylı qanlı aksiyalar, sui-qəsdlər həyata keçiriblər. Erməni millətçiləri və din xadimləri Osmanlı imperiyasına qarşı xəyanətlərə qoşulmayan erməniləri də ağır şəkildə cəzalandırıblar.

Türkiyə Cümhuriyyəti qurulandan sonra erməni terrorçuları bir müddət gizli fəaliyyət göstərsələr də, XX əsrin sonunda yenidən baş qaldırıblar. Belə ki, 1973-cü ilin yanvarında ermənilərin yenidən terrorçuluğa başlaması nəticəsində Türkiyənin Los-Ancelesdəki baş konsulu Mehmet Baydar və konsul Bahadır Demiri qətlə yetiriblər. Amansız terror aktları 1985-ci ilədək davam edib. Erməni terrorunun 1973-cü ildə başlayan növbəti dalğasının sonuncu qurbanı Türkiyənin BMT-dəki diplomatı Enver Ergun olub. Erməni terrorunun tüğyan etdiyi həmin dövrdə - 12 il ərzində 31-i diplomat olmaqla, 55 Türkiyə vətəndaşı öldürülüb, 299 nəfər yaralanıb, dövlətə və mülki şəxslərə külli miqdarda maddi ziyan vurulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: