Dünya üzrə gender bərabərliyi reytinqində Şimali Avropa ölkələri yenə liderdirlər.
NUHÇIXAN Dünya İqtisadi Forumunun məlumatına istinadla xəbər verir ki, dünya üzrə gender bərabərliyi reytinqində İslandiya yenə birinci yerdədir. Sonrakı yerləri isə, müvafiq surətdə, Norveç, Finlandiya və İsveç tutur.
Yeni reytinq 153 ölkədə gender bərabərliyi sahəsində vəziyyətin təhlili əsasında tərtib edilib. Hər bir ölkəyə dörd parametr - iqtisadi inkişaf və imkanlar, təhsil səviyyəsi, sağlamlıq və salamatlıq, siyasətdə iştirak kimi göstəricilər üzrə 0 baldan 1 bala qədər qiymət verilir.
Gender bərabərliyi 100 faizlik indeks üzrə ölçülür. Bu indeksin 100 faizə bərabər olması cinslərin tam bərabərliyi deməkdir. Bütün dünya üzrə bu göstərici orta hesabla 68,6 faizə bərabərdir. Norveçdə müvafiq göstərici 84,2 faiz, siyahıda birinci yeri tutan İslandiyada isə 88 faiz olub.
Yeni indeksin təhlili göstərir ki, son üç ildə ilk dəfə gender bərabərliyi sahəsində irəliləyiş yaranıb. Dünya İqtisadi Forumunun proqnozlarına görə, tam gender bərabərliyinə nail olmaq üçün “cəmi” 99,5 il vaxt lazımdır. Məlumat üçün xatırladaq ki, bir il bundan əvvəl ekspertlər buna 108 il vaxt lazım olacağını proqnozlaşdırırdı. Bu il vəziyyətin yaxşılaşmasının əsas səbəbi odur ki, indi qadınlar siyasət aləminə daha çox gəlməyə başlayıblar. Hazırda bütün dünyada parlamentlərdə yerlərin 25 faizindən bir qədər çoxunu, nazirlər kabinetində vəzifələrin 21,2 faizini qadınlar tutur.
Şimali Avropa ölkələri ardıcıl feminizm tərəfdarlarıdır. Bu isə həm siyasətdə, həm də özəl sektorda işə qəbul məsələlərində böyük rol oynayır.