Türkiyə elektriklə işləyən avtomobil istehsalını artırmaqla bərabər, bu sahədə ciddi təkmilləşdirmələr aparır. Xalq arasında “elektromaş” kimi tanınan bu avtomobillər sürətlə modernləşdirilir. Bu avtomobillərin salonlarında rahatlıq göstəriciləri yüksəkdir.
NUHÇIXAN xəbər verir ki, hökumət dizel yanacağı, qaz və benzindən asılılığı azaltmaq üçün bu tip avtomobillərin istehsalında sürətli inkişafa nail olmağı hədəfləyir. Təbii ki, bu avtomobillərin istehsalında dinamik inkişaf ölkədə elektrik enerjisinə tələbatın artmasına da səbəb olacaq.
Xatırladaq ki, 2011-ci ildə Türkiyədə istehsal olunan elektrik mühərriki ilə işləyən minik avtomobilləri 12 saatlıq enerji doldurması ilə 110 kilometr məsafə qət edə bilirdi. Hazırda bu avtomobillər 30 dəqiqəlik elektrik doldurma ilə 300 kilometr məsafə qət etmək iqtidarındadır. Göründüyü kimi, ötən səkkiz ildə avtomobillərin akkumulyatorlarının doldurulma müddəti təxminən 30 dəfə azaldılıb, qət edə biləcəyi məsafə isə azı 3 dəfə çoxalıb. Hər iki göstərici üzrə ixtiraların tətbiqi davam etməkdədir.
2011-ci ildə elektrik mühərriki ilə işləyən 1500 avtomobil istehsal edən Türkiyə bu sayı ilbəil artırır. Dözümlü, uzunmüddətli istismara hazır, qənaətcil model sayılan bu avtomobillərin bazarda rəqabətqabiliyyətli olmamasının əsas səbəbi qiymətlərinin çox baha olmasıdır. Digər nəqliyyat vasitələri ilə müqayisədə bu avtomobillər daha az istismarda olsa da, Türkiyənin 81 vilayətinin əksəriyyətində akkumulyator doldurma məntəqələri quraşdırılıb. Bu məntəqələrin əksəriyyəti yeni model sürətli doldurma cihazları ilə təchiz olunub.
Qeyd edək ki, dekabrın 10-da İsveçin paytaxtı Stokholmda Nobel mükafatlarının təqdim olunması mərasimi keçirilib. 2019-cu ildə kimya üzrə mükafat müvafiq olaraq, amerikalı Con Qudinafa və onun iki həmkarına - britaniyalı M.Stənli Uittinqemə və yaponiyalı Akira Yoşinoya verilib. Bu mükafatlandırmada batareyalardakı ion tərkibin tətbiqinə dair ixtiralar əsas götürülüb. Bu amil deməyə əsas verir ki, hazırda dünya iqtisadiyyatında batareyaların, onlara aid hissə və elementlərin istehsalındakı bütün yeniliklər sənayeçilərin diqqət mərkəzindədir.
Ötən il dünya ölkələri üzrə istismarda olan elektrik mühərriki ilə işləyən avtomobillərin ümumi sayı təxminən 2,2 milyon olub. Bu göstərici 2017-ci illə müqayisədə 55 faiz çoxdur. Təhlillər göstərir ki, elektrik mühərriki ilə işləyən avtomobillərin istehsalına başlayan bütün zavodlar bu sahədə artım tempini saxlayır. 2019-cu ilin statistikasında da bu sahədə artımın olacağı proqnozlaşdırılır. Burada iki mühüm amil müşahidə olunur: avtomobil bazarında yeni başlanan rəqabətdə yer qazanmaq və istehsal markasını elektrik mühərriki ilə işləyən avtomobillər üzərində də qorumaq.
Ümumiyyətlə, hazırda dünya iqtisadiyyatının inkişafında enerjidən daha səmərəli istifadə olunması gəlirlərin artması üçün ən cəlbedici amildir. Telefon, kompüter və s. cihazlar da daxil olmaqla, akkumulyatorla işləyən maşın və avadanlıqların fəaliyyətindəki təkmilləşdirmənin mühüm bir istiqaməti batareyaların iş prinsipi ilə bağlıdır. Bütün bunlar Türkiyənin elektrik mühərriki ilə işləyən avtomobil istehsalında özünün doğruldur.
Statistik rəqəmlər üzərində müqayisə aparsaq görərik ki, 2013-cü ildə Türkiyədə elektrik mühərriki ilə işləyən cəmi 105 avtomobil satıldığı halda, ötən il 3 816 belə avtomobil sahibini tapıb. Statistik məlumatlar deməyə əsas verir ki, Türkiyə elektrik mühərriki ilə işləyən avtomobil bazarında rəqabətə ciddi hazırlaşır.