Türkiyə XİN: ABŞ-da erməni terrorçu Hampig Sasunyanın azadlığa buraxılması beynəlxalq hüquqa təhdiddir
Türkiyənin ABŞ-ın Los-Anceles şəhərindəki baş konsulu Kemal Arıkanı 1982-ci il yanvarın 28-də qətlə yetirən erməni terrorçu Hampig Sasunyanın şərti azadlığa buraxılması iddiasının təmin edilməsini qətiyyətlə qınayırıq. Terrorçu H.Sasunyan türklərə qarşı düşmənçiliyi təbliğ edən saxta ideologiya əsasında, məqsədli və planlı şəkildə diplomat Kemal Arıkanı qətlə yetirib.
NUHÇIXAN xəbər verir ki, bu ifadələr Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi saytında yaylan açıqlamada yer alıb.
Bildirilir ki, Kaliforniya valisinin dekabrın 27-də qəbul etdiyi bu qərar qəbuledilməzdir. “Türk diplomatını vəzifə başında qətlə yetirən terrorçunu azadlığa buraxmaq beynəlxalq hüquqa təhdid və ədalət anlayışına ziddir”,-deyə açıqlamada vurğulanır.
Açıqlamada diqqətə çatdırılır ki, ötən əsin sonlarında erməni terrorçular 31-i diplomat olmaqla 58 Türkiyə vətəndaşını öldürüblər. Hazırda ermənilər arasında Türkiyəyə qarşı nifrət aşılandığı bir zamanda terrorçu ermənilərin azadlığa buraxılması təhlükəli bir prosesdir.