Özbəkistan və Qazaxıstan XII əsrin məşhur mütəfəkkiri, ortaq türk ədəbiyyatının və türk dilində sufi ədəbiyyatının ilk yaradıcılarından olan Xoca Əhməd Yasəviyə həsr olunan film çəkəcək.
NUHÇIXAN xəbər verir ki, bu haqda razılıq “Özbəkkino”nun baş direktoru Firdavs Abduxalikovla Qazaxıstanın Mədəniyyət və İdman naziri Aktoti Raimkulova arasında keçirilən görüşdə əldə edilib.
Görüşdə bu il Qazaxıstanda Özbəkistan kinosu günlərinin keçirilməsi haqqında da razılığa gəlinib.
F.Abduxalikov bildirib ki, Qazaxıstanın Türküstan şəhərindəki Xoca Əhməd Yasəvinin mavzoleyini Əmir Teymur tikdirib: “Bu bizim eyni köklərə mənsub olduğumuzu bir daha sübut edir. Belə tarixi faktları kinematoqrafiyada əbədiləşdirmək ölkələrimiz arasında dost münasibətləri inkişaf etdirməklə yanaşı, Özbəkistan və Qazaxıstan gənclərinin tarixi biliklərinin zənginləşməsinə də səbəb olacaq”.