İstanbulda “Türk axını” təbii qaz kəmərinin açılış mərasimi keçirilib - YENİLƏNİB - FOTOLAR
Yanvarın 8-də İstanbulda “Türk axını” təbii qaz boru kəmərinin açılış mərasimi keçirilib.
NUHÇIXAN xəbər verir ki, Türkiyənin enerji sahəsində mərkəzi ölkə mövqeyinin gücləndirilməsində mühüm rol oynayacaq layihənin açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Serbiya Prezidenti Aleksandr Vuçiç, Bolqarıstanın Baş Naziri Boyko Borisov və bir sıra ölkələrin dövlət nümayəndələri iştirak ediblər.
Rusiya Prezidenti V.Putin açılış mərasimində iştirak edən hər kəsin yalnız Rusiya və Türkiyə üçün deyil, Avropa üçün də mühüm hadisənin şahidi olduğunu bildirib. O, layihənin Rusiya-Türkiyə strateji əməkdaşlığının inkişafının nümunələrindən biri olduğunu deyib. Qeyd edib ki, son zamanlar dünyada baş verən hadisələrə baxmayaraq, iki ölkə arasında münasibətlər uğurla inkişaf edir: “Hazırda Rusiya təbii qazı yeni marşrutla Türkiyəyə nəql olunacaq. Bu yol yalnız iki ölkənin iqtisadiyyatına deyil, digər dövlətlərə də öz müsbət təsirini göstərəcək”.
Tikinti işləri zamanı müasir texnikadan istifadə edildiyini bildirən Rusiya Prezidenti layihənin həyata keçirilməsində əməyi keçən hər kəsə minnətdarlığını bildirib. Deyib ki, xüsusi mütəxəssis qrupunun iştirakı ilə bu layihə qısa zamanda həyata keçirildi. Bundan sonra da iki ölkə arasında sıx münasibətlərin yalnız enerji üzrə deyil, bütün sahələrdə uğurla davam etdiriləcəyini bildirən V.Putin bölgədə baş verən qarşıdurmalara baxmayaraq, Türkiyə-Rusiya münasibətlərinin dünya üçün nümunə olduğunu vurğulayıb.
Layihənin hər iki ölkənin inkişafı baxımından vacib olduğunu vurğulayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Rusiya əməkdaşlığının ən mühüm nümunələrindən biri olan “Türk axını”nı tarixi hadisə adlandırıb. Bildirib ki, layihə qrafikə uyğun tamamlanıb. Türkiyə Prezidenti bu layihə sayəsində 15 milyon ailənin təbii qazla təmin olunacağını deyib.
Rusiyanın Türkiyə üçün ən vacib qaz tədarükçüsü ölkələrindən biri olduğunu qeyd edən Rəcəb Tayyib Ərdoğan bunu iki ölkə arasındakı əməkdaşlığın bariz nümunəsi adlandırıb. Bildirib ki, bu il Türkiyə-Rusiya diplomatik əlaqələrinin 100 illiyi qeyd edilir.
TANAP qaz boru kəmərinin açılış mərasimini xatırladan Rəcəb Tayyib Ərdoğan deyib: “Bundan bir ay əvvəl bölgəmizin ən strateji xətlərindən biri olan TANAP-ı əziz qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevlə birgə istifadəyə verdik. “Enerjinin ipək yolu” adlandırılan TANAP-la ildə 16 milyard kubmetr Azərbaycan təbii qazı Türkiyə və Avropa istehlakçılarına çatdırılacaq. Qarşıdakı illərdə TANAP-ın ötürmə gücünün əvvəlcə 24 milyard kubmetrə, daha sonra da 31 milyard kubmetrə çatdırmağı planlaşdırırıq”.
Azərbaycan tədbirdə Energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
Rusiya təbii qazının Türkiyəyə nəqli və bu ölkə ərazisindən keçərək Avropaya ötürülməsində mühüm rol oynayacaq “Türk axını” layihəsi, eyni zamanda, iki ölkə arasında əlaqələrin enerji sahəsində inkişafında vacib rol oynayacaq layihələrdən biridir.
Hər biri 15,75 milyard kubmetr təbii qaz tutumuna malik iki xətdən ibarət “Türk axını” xüsusilə Avropanın cənubunda yerləşən ölkələr üçün vacib layihədir. Bu layihə ilə birgə Rusiyanın təbii qazı ilk dəfə olaraq Türkiyə üzərindən keçərək Avropaya çatdırılacaq.
Tədbir çərçivəsində Türkiyə Prezidentinin qonaq ölkələrin dövlət və hökumət başçıları ilə ikitərəfli görüşlər keçirəcəyi gözlənilir. Bu danışıqlar zamanı ikitərəfli münasibətlərin inkişaf etdirilməsi ilə yanaşı, Suriya, Liviya, regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadilələrinin aparılması nəzərdə tutulur.