“Airbus“ konserni gözlənildiyi kimi, 2019-cu ildə təyyarə istehsalında “Boeing” şirkətini birinci yerdən sıxışdıraraq dünyanın ən böyük təyyarə istehsalçısı olub.
NUHÇIXAN xəbər verir ki, “Boeing-737 MAX“ təyyarələri ilə bağlı baş verən qalmaqallar, bu təyyarələrin istehsalının dayandırılması və sifarişlərin ləğvi konsern üçün böyük zərbə olub. Konsern əzəli rəqibin “Airbus A320neo“ modelinə ekvivalent olaraq “737 MAX“ təyyarələrini çıxarsa da, baş verən qəzalar və mətbuatdakı əks-səda “Boeing“in digər modellərinin sifarişinə də mənfi təsir göstərib. “737 MAX“ təyyarələrinin uçuşunun qadağan olunması bir çox aviaşirkətlərin uçuş cədvəlini dəyişməyə və reysləri təxirə salmağa vadar edib. Bu vəziyyətlə barışmayan aviaşirkətlər dəyən zərərə görə “Boeing“dən təzminat tələb edirlər.
Rəqibin çətin günlər yaşadığı 2019-cu ildə “Airbus“ konserni yaranmış vəziyyətdən mümkün qədər yararlanmağa çalışıb. Şirkət ötən il ümumilikdə 863 nəqliyyat təyyarəsi istehsal edib və bununla da istehsalın həcmini 2018-ci illə müqayisədə (800 təyyarə) səkkiz faiz artırıb. İl ərzində şirkət 768 təyyarə üçün sifarişlər qəbul edib və bu göstərici də əvvəlki ildən 21 təyyarə çox olub.
“Boeing“ şirkəti illik hesabatını hələ təqdim etməsə də, noyabr ayınadək olan göstəricilərdə il ərzində 345 təyyarə müştərilərə çatdırılıb. “737 MAX“ modelinin qadağan olunması da dörd yüzdən artıq təyyarənin satışı önündə əngələ çevrilib.
2019-cu ilin nəticələrinə görə, “Airbus“ 2011-ci ildən bəri ilk dəfə olaraq daha çox təyyarə istehsal edərək sifarişçilərə çatdırıb.