İkinci Dünya müharibəsi dövründə portuqaliyalı diplomatlar 80 minə qədər insanın həyatını xilas ediblər
İkinci Dünya müharibəsi dövründə nasist rejimindən qaçıb qurtulmağa çalışan, əsasən yəhudi millətindən olan 80 minə qədər insan portuqaliyalı diplomatların sayəsində xilas edilib.
NUHÇIXAN xəbər verir ki, bu həftə Yerusəlimdə Holokost qurbanlarının xatirəsinə həsr edilmiş “Holokostu xatırlaraykən, antisemitizmə qarşı mübarizə apararkən” mövzusunda V Ümumdünya Forumu keçiriləcək. Auşvits cəza düşərgəsinin nasistlərdən azad edilməsinin 75-ci ildönümünə həsr olunan forumda Portuqaliya Respublikasının Prezidenti Marselu Rebelu di Soza da iştirak edəcək.
Tarixçi İren Flunsel Pimentelin sözlərinə görə, 1940-cı ilin iyul ayında portuqaliyalı diplomatlar Portuqaliya hökumətinin başçısı Antoniu di Salazarın sərəncamlarına tabe olmayaraq ölkəyə gəlmək üçün minlərlə viza verib, 1945-ci ildə müharibə başa çatana qədər yəhudilərin və başqa millətlərdən olan qaçqınların xilas olmasına bilavasitə kömək ediblər. Həmin illərdə konsulların vətəndaşlara, o cümlədən yəhudilərə viza vermək hüququ yox idi.
Diplomatlar hökuməti inandırmağa çalışırdılar ki, Portuqaliya üçün çox xeyirli ola biləcək adamlar var. Onlar bu yolla yüz minlərlə insanı siyasi və irqi təqiblərdən xilas edirdilər. Portuqaliyaya gəlmək üçün vizanın qüvvədəolma müddəti məhdud (cəmi 30 gün) olsa da, viza onun sahibinin təhlükəsizliyinə, habelə həmin şəxsin Afrikaya və ya Amerikaya gedə bilməsinə təminat verirdi.
2018-ci ildə Portuqaliya və İsrail yəhudilərin xilas edilməsində fərqlənmiş üç diplomata hörmət əlaməti olaraq birgə mərasim təşkil ediblər. Bordoda baş konsul olmuş, on gün, on gecə çalışaraq 30 minə qədər insanın həyatını xilas etmiş Aristideş de Souz Mendeş və Macarıstandakı səfir Karlos Sampayo Harrido “Dünya xalqlarının zahidləri” hesab edilib, nasistlər tərəfindən işğal olunmuş Macarıstanda minlərlə yəhudini xilas etmiş portuqaliyalı diplomat Karlos de Liz Texeyra Brankinyoya ehtiram bildirilib.