Türkiyədə baş vermiş son zəlzələdən sonra daha iki yeraltı təkan qeydə alınıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata əsasən, 5.4 bal gücündə zəlzələdən üç dəqiqə sonra Manisanın Kırkağac rayonunda 4.1, 16 dəqiqə sonra isə yenə Akhisarda 3.8 bal gücündə daha iki yeraltı təkan qeydə alınıb.
Zəlzələnin meydana gəldiyi Manisa şəhərinin valisi Ahmet Deniz bölgədəki son vəziyyət barədə açıqlama verib.
Açıqlamada şəhər mərkəzində ciddi problemin olmadığı, lakin ətraf bölgələrdən 5-6 evin çökdüyü barədə məlumatın daxil olduğunu bildirib. Yerli əhalinin təşviş içində olduğu qeyd edilir.
Xatırladaq ki, Türkiyənin Egey bölgəsində yerləşən Manisa şəhərinin Akhisar rayonunda 5.4 bal gücündə zəlzələ baş verib. Ocağı yerin 6.98 kilometr dərinliyində olan yeraltı təkanlar yerli vaxtla saat 22.22-də qeydə alınıb.
Zəlzələ İstanbul, İzmir və Bursada da hiss edilib.