Yapon tədqiqatçılar qrupu iPS hüceyrələrindən istifadə olunmaqla keçirdikləri əməliyyatın uğurla başa çatması barədə məlumat yayıb.
NUHÇIXAN Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, bu, bütün dünyada ilk belə kardiocərrahi əməliyyat hesab olunur.
Osaka Universitetinin professoru Yoşiki Savanın rəhbərlik etdiyi mütəxəssislər qrupu iPS hüceyrələrindən istifadə etməklə insanın ürək əzələsinin toxumalarını yaradıb. Həmin qrup kəskin ürək xəstəliyi olan pasiyentlər üçün xəstə orqana bu alimlər tərəfindən yaradılmış əzələ toxumasının yerləşdirilməsini nəzərdə tutan müalicə üsulu tətbiq edir.
Alimlər qrupu cari ayın əvvəllərində keçirdikləri həmin əməliyyat barədə məlumat yayıb. Həkimlərin rəyinə görə, həmin xəstənin terapiya yolu ilə müalicəsi mümkün deyildi. Xəstənin yaşı və cinsi barədə əlavə məlumat verilmir.
Əməliyyatı uğurla başa çatan xəstənin yanvarın 27-də adi palataya köçürüldüyü qeyd edilir.