Ermənistanın sabiq prezidenti Serj Sarkisyan haqqında cinayət işi məhkəməyə göndərilib.
NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, Ermənistan baş prokurorluğunun mətbuat katibliyinin məlumatına görə, prokuror iddianaməni təsdiqləyib.
Xatırladaq ki, Serj Sarkisyan bir milyon dollardan çox dövlət vəsaitinin oğurlanmasının təşkilində ittiham olunur. Onunla birlikdə sabiq kənd təsərrüfatı nazirinin müavini Samvel Qalstyan, nazirliyin bitkiçilik idarəsinin rəisi Gevorq Arutyunyan və “Fleş” şirkətinin sahibi Barseq Beqlaryana da ittiham irəli sürülüb.
Ötən il dekabrın ortalarında Sarkisyanın əmlakı üzərinə həbs qoyulub.
İstintaqın versiyasına görə, sui-istifadə kəndlilərə dizel yanacağının münasib qiymətlərlə satılması üzrə hökumət proqramı çərçivəsində baş verib. Cinayət işinin materiallarına əsasən, Sarkisyan tabeçiliyindəki şəxslərə dizel yanacağının tədarükçüsü qismində “Fleş” kompaniyasını seçməyi tapşırıb. Halbuki digər şirkət – “Masxur” kompaniyası daha ucuz qiymət təklif etmişdi.
Müstəntiqlər hesab edirlər ki, sabiq prezident tamah məqsədilə sövdələşmədən özü üçün maksimum mənfəət götürmək niyyəti güdüb.