Bu ilin yanvarında Ermənistan ordusunda dörd ölüm hadisəsi qeydə alınıb. Onlardan ikisi intihar edib, biri səhhətindəki problemlərlə əlaqədar, biri isə qəza nəticəsində ölüb.
NUHÇIXAN erməni KİV-lərinə istinadla xəbər verir ki, ay ərzində səkkiz hərbçi xəsarət alıb. Xəsarət hallarının üçü avtomobil qəzası, ikisi cinayətə cəhd, biri intihara cəhd, qalanları isə digər hadisələr zamanı qeydə alınıb.
Ölüm hadisələrindən ikisi, xəsarət hallarından isə üçü döyüş şəraitində olmayan odlu silahın tətbiqi nəticəsində baş verib.
Helsinki Vətəndaş Assambleyası Yerevan Ofisinin Vanadzor bölməsi hadisələrdən narahatlığını ifadə edərək bildirib ki, silahlı qüvvələrdəki hərbçilər üçün geyim və yeməyin keyfiyyəti, döyüş vəzifəsində həyat dəstəyi və təhlükəsizlik şəraitinin yaxşılaşdırılması üçün vacib tədbirlərlə yanaşı, silahlı qüvvələrdə hərbi nizam-intizama səmərəli nəzarətin təmin edilməsi, qanuni münasibətləri qorumaq, zabitlərin, sıravi və müqaviləli hərbçilərin mənəvi və psixoloji vəziyyətlərini yaxşılaşdırmaq üçün təhsil nailiyyətlərini təşviq etmək lazımdır.
Ofisin Vanadzor bölməsinin illərdir bu problemləri gündəmə gətirməsinə baxmayaraq, Ermənistan Müdafiə Nazirliyi bu istiqamətdə real addım atmaq istəmir. Buna görə də hərbçilər üçün təhlükəsiz və ləyaqətli xidmətlərin təmin edilməməsinə görə birbaşa məsuliyyəti Ermənistan hakimiyyəti daşıyır.