Misirin müasir inzibati paytaxtı – “Yeni Qahirə”də “ağıllı şəhər” salınacaq. NUHÇIXAN “Cairoscene” portalına istinadla xəbər verir ki, bu layihə çərçivəsində innovativ texnologiyalar üzrə təlim mərkəzi yaradılacaq və fiziki qüsurları olan insanlar üçün rahat şərait yaradılacaq. Bu barədə jurnalistlərə Misirin Kommunikasiyalar və İnformasiya Texnologiyaları naziri Əmr Tələt məlumat verib.
Misirli nazir qeyd edib ki, ölkənin yeni inzibati paytaxtında Afrika və Yaxın Şərq regionunda ilk dəfə olaraq Texnoloji Məlumat Universiteti də açılacaq. Hazırda 220 hektar ərazidə inşası davam edən texnologiya habında insanların innovasiyaları öyrənəcəyi, fiziki qüsurlu şəxslərin texnoloji nailiyyətlərə inteqrasiyasını təmin edəcək təlim mərkəzi, akademiya fəaliyyət göstərəcək.
Bildirilib ki, bu iddialı layihənin birinci mərhələsi 2020-ci ilin sonunda başa çatacaq. Nazir əlavə edib ki, hazırda internetin sürətinə görə Misir Afrika ölkələri arasında 6-cı yeri tutur. Onun sözlərinə görə, ölkənin yeni inzibati paytaxtında daha mükəmməl texnologiyalar tətbiq ediləcək.