Beynəlxalq Paralimpiya Komitəsi (BPK) Tokioda paralimpiya hərəkatının tarixinə və idmançılara həsr olunan ilk muzeyini açacaq.
NUHÇIXAN Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, həmin muzey Tokionun Nihonbaşi rayonunun “COREDO Muromachi Terrace” ticarət kompleksində yerləşəcək.
Muzeydə paralimpiya hərəkatının 1948-ci ildə Britaniyada yerləşən xəstəxanada reabilitasiya keçən hərbiçilər tərəfindən təşkil edilən müsabiqədən başlaması barədə müxtəlif eksponatlar öz əksini tapacaq.
Burada indiyədək təşkil olunmuş Paralimpiya Oyunlarının medallarının, məşəllərin və plakatların nümunələrinin toplanacağı da bildirilir. Muzeydə mühüm nəticələr əldə etmiş əfsanəvi idmançılar barədə məlumatların yerləşdirilməsi də nəzərdə tutulur.
Muzeyin avqustun 25-də Tokioda Paralimpiya Oyunlarının başlayacağı gün açılacağı və bir ay fəaliyyət göstərəcəyi bildirilir. Muzeyə giriş ödənişsiz olacaq.
BPK-nın prezidenti Endrü Parsons ümid etdiyini bildirib ki, muzey onu ziyarət edənlərdə paralimpiya hərəkatının qısa müddətdə keçdiyi şərəfli yol barədə tam təəssürat yaradacaq.