Cenevrədə Dünya Səhiyyə Təşkilatı (DST) tərəfindən koronavirusa qarşı mübarizəyə həsr edilən qlobal forum keçiriləcək.
NUHÇIXAN TASS informasiya agentliyinə istinadla xəbər verir ki, koronavirusun yeni növünə (2019-nCoV) qarşı mübarizə aparmaq üçün təşkil edilən ikigünlük forum çərşənbə axşamı işinə başlayacaq. Forumda dünyanın müxtəlif ölkələrindən 400-dək ekspert iştirak edəcək.
Tədbirin başlıca məqsədi koronavirusun yeni növünün müalicə metodları və vaksin hazırlanması sahəsində beynəlxalq səyləri əlaqələndirməkdir. Görüşdə qlobal tədqiqat proqramının hazırlanacağı gözlənilir.
Dünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adanom Qebreyesus Cenevrədə keçirilən brifinqdə deyib ki, tədqiqatlar və innovasiyalar üzrə iclas bu məsələlərdən bəzisini müəyyənləşdirəcək və irəliyə doğru addımı göstərəcək. Daha əvvəl DST rəhbəri demişdi ki, xəstələnənlərin müalicəsi üçün alətlər, vaksinlər yaradılmayıb, terapiya müəyyən edilməyib. Buna görə də Dünya Səhiyyə Təşkilatı forum keçirməyi qərara alıb.
2019-nCo virusunun yaratdığı xəstəlik ötən il dekabrın sonunda Çinin Uxan əyalətində qeydə alınıb. Çindən başqa 24 ölkədə həmin xəstəlik aşkar edilib. Dünya Səhiyyə Təşkilatı bunu çoxsaylı ocağı olan epidemiya kimi səciyyələndirərək beynəlxalq miqyaslı fövqəladə vəziyyət kimi tanıyıb.