Bir neçə gün əvvəl Berlindəki “Tempodrom” binası yaxınlığında atışma baş verib.
NUHÇIXAN xəbər verir ki, silahlı cinayətkarlar yoldan keçənlərə atəş açıblar. Polis atışma nəticəsində 1 nəfərin öldüyü və 7 nəfərin yaralandığı barədə məlumat verib. Hadisəni törədən şəxs insidentin baş verdiyi yerdən qaçmağa macal tapıb.
Erməni KİV-ləri bu hadisəni izah edərkən ona maraqlı şərh veriblər. Xüsusən “Aysor” erməni portalı bu sözləri yazıb: “Cinayət baş verdiyi zaman müzik-hollda tanınmış türk komediyaçısının çıxışının insidentlə əlaqəli olub-olmaması hələ ki, məlum deyil”.
Bu bədbəxtlərə necə başa salmaq olar ki, Berlin və türklər bir-birinə sıx bağlıdır. Almaniya paytaxtında hansı tərəfə baxsan, 200 metr radiusunda heç olmasa bir türkə rast gəlirsən.
Həmin gün “Tempodrom”un səhnəsində türk aktyoru çıxış etməsəydi belə, yaxınlıqda azı bir dönərxana tapılar, yaxud türk taksi sürücüsü keçərdi. O zaman “Aysor” yəqin ki, bu sözləri yazardı: “Cinayət baş verdiyi zaman yaxınlıqda türk aşpazının kabab bişirməsinin insidentlə əlaqəli olub-olmaması hələ ki, məlum deyil”.
Ümumiyyətlə, komediya artisti ilə küçədəki kütləvi atışma arasında hansı bağlılıq ola bilər?!
Həqiqətən də onlar qaranlıq otaqda qara pişiyin olmadığını bilə-bilə onu axtarmaqda davam edirlər.