Koronavirusun yeni növünün yayılması səbəbindən ABŞ-ın “Apple” şirkəti mart ayında başa çatacaq rüb üçün nəzərdə tutulan göstəriciyə nail ola bilməyəcək. Bu barədə məlumat şirkətin saytında yer alıb.
NUHÇIXAN TASS informasiya agentliyinə istinadla xəbər verir ki, məlumatda 2020-ci il yanvarın 28-də dərc edilmiş rüblük proqnozun həmin vaxta olan informasiyanı və Ay təqvimi üzrə Yeni ildən sonra normal işə qayıdış tempinin optimal qiymətləndirilməsini nəzərə aldığı bildirilir. Qeyd olunur ki, şirkət öz işini ölkədə (Çində) bərpa etməyə başlayır. Lakin normal şəraitə qayıdış gözlənildiyindən də ləng edir. Mart ayında başa çatacaq rübdə nəzərdə tutulan gəlirə iki səbəbdən nail olmaq mümkün deyil. Bu amillər - “iPhone” smartfonlarının dünyada tədarükünün məhdudlaşdırılması və “Apple” məhsullarına Çində tələbatın azalmasıdır. Şirkətin proqnozuna görə, 2020-ci maliyyə ilinin ikinci rübündə mədaxil 63-67 milyard dollar, əməliyyat xərcləri 9,6-9,7 milyard dollar olmalı idi.
Xatırladaq ki, 2019-cu ilin dekabrında Mərkəzi Çinin əhalisi sıx olan Uxan şəhərində koronavirusun yeni növü qeydə alınıb. Dünya Səhiyyə Təşkilatı bunu çoxsaylı ocaqları olan epidemiya kimi xarakterizə edərək, beynəlxalq miqyaslı fövqəladə hal kimi tanıyıb. Çindən başqa, 25 ölkədə yoluxma halı qeydə alınıb. Son məlumata görə, Çində epidemiyadan ölənlərin sayı 1800-ə çatıb, sağalanların sayı 10 min 800-ü, yoluxanların sayı 70,5 min nəfəri ötüb.