“Ryuqu” asteroidində tədqiqat işlərini başa çatdırmış Yaponiyanın “Hayabusa-2” kosmik zondu Yerə doğru hərəkətini davam etdirir.
NUHÇIXAN Yaponiya Kosmik Məkanın Tədqiqi Agentliyinə (JAXA) istinadla xəbər verir ki, kosmik zond planda nəzərdə tutulduğu kimi əsas mühərriklərin ilk işə salınmasından sonra Yerə doğru yol alıb.
Xatırladaq ki, “Hayabusa-2” zondu ötən ilin dekabrında “Ryuqu” asteroidindən süxur nümunələri götürdükdən sonra Yerə doğru hərəkətə başlayıb.
JAXA-dan bildirildiyinə görə, “Hayabusa-2” kosmik zondu özünün ion mühərriklərinin 880 saatlıq iş rejimini başa vurub. Hazırda zondun Yer kürəsindən 239 milyon kilometr məsafədə olduğu bildirilir. Onun hərəkət sürəti isə planda nəzərdə tutulduğu kimi saniyədə 24 kilometr 35 metr təşkil edir.
Kosmik zondun mühərriklərinin ikinci dəfə mayda işə salınacağı nəzərdə tutulur.
“Hayabusa-2” zondunun cari ilin noyabr və ya dekabrında Avstraliyada yerləşən səhraya enəcəyi gözlənilir.