G7 dövlətlərinin (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya) maliyyə nazirləri martın 3-də yeni növ koronavirusun iqtisadiyyata təsirini müzakirə etməyə hazırlaşırlar. Bu barədə “Reuters” agentliyi məlumat yayıb. NUHÇIXAN TASS informasiya agentliyinə istinadla xəbər verir ki, müzakirə telefonla konfrans formatında aparılacaq.
Xatırladaq ki, 2019-cu ilin dekabrında Mərkəzi Çinin əhalisi sıx olan Uxan şəhərində koronavirusun yeni növü qeydə alınıb. Dünya Səhiyyə Təşkilatı bunu çoxsaylı ocaqları olan epidemiya kimi xarakterizə edərək, beynəlxalq miqyaslı fövqəladə hal kimi tanıyıb. Çindən başqa, epidemiyanın daha çox yayıldığı ölkələr Cənubi Koreya və İtaliyadır. Ümumilikdə 72 ölkədə virusa yoluxma halı qeydə alınıb. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, Çində koronovirusdan 2,9 min nəfər ölüb, 44,4 min nəfər sağalıb, epidemiyaya yoluxanların sayı 80 mini ötüb.