Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ərəb dünyasında atom enerjisindən dinc məqsədlə istifadə edən ilk dövlət olduğunu elan edib.
NUHÇIXAN xəbər verir ki, bununla əlaqədar ölkənin Nüvə Enerjisi Korporasiyası (ENEC) məlumat yayıb. Qeyd olunub ki, təhlükəsiz, ekoloji cəhətdən təmiz və etibarlı "Bərəkah" AES-in birinci blokuna yanacaq doldurulması uğurla başa çatıb və stansiyanın bir hissəsi işə salınacaq. AES-in işlədilməsini üçün BƏƏ Federal Nüvə Tənzimlənməsi Administrasiyası (FANR) ötən ay müvafiq lisenziya verib.
ENEC-in təmsilçisi Məhəmməd Həmmadi bildirib ki, onun ölkəsi ərəb aləmində ilk dəfə AES-in bir blokunun tikintisini uğurla başa çatdırıb və stansiyanın texniki personalının 90 faizi Cənubi Koreyada kurslarda iştirak etmiş yerli mütəxəssislərdən ibarətdir. Onun sözlərinə görə, stansiyanın istismara verilməsindən əvvəl 255 sınaq və yoxlama keçirilib. Bundan başqa, Beynəlxalq Atom Enerjisi Agentliyi, Dünya Nüvə Operatorları Assosiasiyasının ekspertləri də "Bərəkah" AES-də yoxlamalar aparıblar. Onlar stansiyanın bütün müasir standartlara cavab verdiyini qeyd ediblər.
Əbu-Dabinin Dhəfrə regionunda yerləşən AES-in tam istifadəyə verilməsi üçün işlər davam etdirilir. Artıq digər bloklarda inşaat tamamlanmaq üzrədir. "Bərəkah" AES dörd blokdan ibarət olacaq və BƏƏ-nin elektrik enerjisinə olan tələbatının 25 faizini təmin edəcək.