Dünyada “Android” sisteminin idarəetməsi altında işləyən 1 milyarddan çox qurğu haker hücumları qarşısında dayanıqsızdır, çünki həmin qurğular lazımi təhlükəsizlik yeniləmələri almır.
NUHÇIXAN securitylab.ru saytına istinadən xəbər verir ki, “Which?” resursunun araşdırmasına görə, dünyada “Android” istifadəçilərinin 42,1%-i sözügedən mobil əməliyyat sisteminin 6.0 və daha əvvəlki versiyalarından (Marshmallow (2015), Lollipop (2014), KitKat (2013), Jellybean (2012), Ice Cream Sandwich (2011) və ya Gingerbread (2010)) istifadə edirlər. Beləliklə, əməliyyat sisteminin köhnə versiyalarının idarəetməsi altında işləyən qurğuların istifadəçiləri zərərverici proqram təminatına yoluxma, məlumat itkisi və kiberhücum təhlükəsi altındadır.
Məlum olduğu kimi, ƏS-nin ən son versiyaları (Android 10, Android 9.0 Pie və Android 8.0 Oreo) təhlükəsizlik yeniləmələri alır, daha əvvəlki versiyalar isə haker hücumları qarşısında dayanıqsızdır. Mütəxəssislər araşdırma üçün “Motorola X”, “Sony Xperia Z2” və “Samsung Galaxy A5 2017” daxil olmaqla bir neçə mobil telefon modeli əldə ediblər və bu cihazların məlum boşluqlar qarşısında dayanıqsız olduğu məlum olub.