Türkiyə və Rusiya müdafiə nazirlərini təmsil edən hərbi heyətlər Suriyanın İdlib bölgəsində birgə patrul xidmətinin aparılması ilə bağlı müzakirələrə başlayıblar.
NUHÇIXAN xəbər verir ki, müzakirələrin ilk mərhələsi Ankarada Türkiyənin Milli Müdafiə nazirliyində keçirilib. Tərəflər martın 15-də birgə fəaliyyətə başlamaq üçün hərəkət planını müzakirə edirlər. Bunla bağlı martın 10-da Türkiyənin Milli müdafiə naziri Hulusi Akar ilə Rusiyanın Müdafiə naziri Sergey Şoyqu arasında daha bir telefonla danışığı olub.
Qeyd edək ki, Türkiyə və Rusiyanın birgə zəmanəti əsasında martın 6-da saat 00.01-dən etibarən Suriyanın İdlib bölgəsində atəşkəs elan olunub. Ötən beş gün ərzində sözügedən münaqişə bölgəsində ciddi insident baş verməyib.
Hərbi heyətlərin müzakirəsi davam edir.