Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
NUHÇIXAN xəbər verir ki, prezidentlər Moskvada martın 5-də Suriyanın İdlib bölgəsindəki böhranlı vəziyyəti həll etmək üçün əldə etdikləri razılığa dair protokolda qeyd olunan məsələləri müzakirə ediblər.
Qeyd edək ki, Rusiya ilə Türkiyə arasındakı razılığa əsasən, martın 6-da İdlib bölgəsində atəşkəs elan edilib. Ötən günlər bölgədə ciddi insident yaradan qarşıdurma müşahidə olunmayıb. İmzalanan anlaşmanın şərtlərinin icra edilməsi üçün martın 9-dan etibarən Ankarada iki ölkənin silahlı qüvvələrini təmsil edən heyətlər arasında müzakirələr aparılır. Anlaşmaya görə, Türkiyə və Rusiya hərbçiləri martın 15-dən etibarən İdlib bölgəsində birgə patrul xidməti aparacaqlar.