Ukrayna saytında koronavirusla mübarizədə Azərbaycan təcrübəsi barədə məqalə dərc edilib

A- A A+

Ukraynanın "Novoye vremya" saytında Ali Radanın deputatı Borislav Beryozanın "Koronavirusla mübarizə. Bunu Azərbaycanda necə edirlər?" sərlövhəli məqaləsi dərc edilib.

NUHÇIXAN xəbər verir ki, bu və ya digər ölkə rəhbərlərinin koronavirus epidemiyasına necə reaksiya verməsi barədə mütəmadi misallar çəkdiyini qeyd edən müəllif məqaləsində yazır: "Bu gün mən Azərbaycanda olanlar barədə danışacağam. Bu, elə təcrübədir ki, onu eynilə Ukraynada da reallaşdırmaq olar".

Azərbaycan rəhbərliyinin fəaliyyətində strategiyanı və sistemliliyi vurğulayan B.Beryoza daha sonra yazır: "Azərbaycanda xüsusi Fond yaradılıb, onun formalaşdırılması və koronavirusa qarşı mübarizəni dəstəkləmək üçün vəsaitlərindən istifadə qaydası təsdiq olunub. Vəsaitin hara xərclənəcəyi qeyd edilib.

Prezident İlham Əliyev yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncam imzalayıb. Yeni növ koronavirus infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3–5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilib.

Bundan başqa, Prezident İlham Əliyev koronavirusun fəsadlarına qarşı mübarizə məqsədilə Nazirlər Kabinetinə 1 milyard manat (588,2 milyon ABŞ dollarından çox) ayrılması barədə Sərəncam imzalayıb. Vəsait pandemiyadan zərər çəkən sahələrə və subyektlərə - sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə ayrılır".

Müəllif xatırladır ki, Azərbaycanda hazırda restoran, kafe, barların fəaliyyətinə müvəqqəti məhdudiyyətlər qüvvədədir. Evlərdə koronavirus testləri pulsuz təşkil olunub.

"Dünyada koronavirusun sürətlə yayılması və onun qonşu ölkələrdə meydana çıxması nəzərə alınaraq Azərbaycanda COVID-19 ilə mübarizə üzrə xüsusi laboratoriyalar yaradılıb. Bundan başqa, virusa yoluxma ilə bağlı hansısa şübhəli hal zamanı Azərbaycanın hər bir yerinə gedə biləcək və təcili müayinə aparacaq mobil laboratoriyalar da təşkil olunub.

Bundan başqa, Azərbaycanda biznesin yeni istiqamətlərinin yaradılması çərçivəsində tibbi maskaların istehsalı üzrə müəssisələr açılır. Bu, dövlətin dəstəyi ilə həyata keçirilir.

Azərbaycan bu günlərdə öz mövqeyini 16 bənd yaxşılaşdıraraq, ABŞ-ın "İrs Fondu"nun (The Heritage Foundation) reytinqində "İqtisadi azadlıq indeksi" üzrə 44-cü yeri tutub. Ukrayna 147-ci yerdədir, Qambiya, Argentina və Mikroneziyanın arasındadır. Bu, həmçinin dövlət siyasətinin bir hissəsidir və büdcəni doldurmaq, sonradan pulu koronavirusla mübarizəyə xərcləmək üçün bir imkandır", - deyə məqalədə qeyd olunur.

Müəllif daha sonra yazır: "Bundan başqa, koronavirus epidemiyası dövründə vergi tətillərindən tutmuş, müəllimlərin sosial təminatınadək yaxın günlərdə təsdiqlənəcək və icrasına başlanacaq bir sıra tədbirlər kompleksi də mövcuddur. Bütün bunlar problemin həllinə sistemli yanaşmanı göstərir".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: