Dünyamız ortaq bir düşmənlə üz-üzə qalıb: COVID-19. Bu virus milliyyətə və ya etnik mənsubiyyətə, qruplara və inanca əhəmiyyət vermir, bütün insanlara amansızcasına hücum edir.
Bu bəyanatla BMT-nin Baş katibi Antonio Quterreş çıxış edib.
BMT-nin Azərbaycandakı nümayəndəliyindən NUHÇIXAN-a daxil olan bəyanatda deyilir ki, eyni zamanda, dünyanın müxtəlif yerlərində silahlı münaqişələr davam edir. Bunun ən böyük əziyyətini ən həssas qruplar – qadınlar və uşaqlar, əlilliyi olan şəxslər, habelə təcrid olunmuş zümrələr və köçkünlər çəkir. Onların COVID-19-a görə ən ciddi itkilərə məruz qalma riski də yüksəkdir. Unutmayaq ki, müharibə vəziyyətində ölkələrdə səhiyyə sistemləri də dağılmış halda olur. Sayı onsuz da az olan səhiyyə işçiləri tez-tez hədəfə çevrilirlər. Zorakı münaqişələrin qurbanı olan köçkünlər və digərləri daha da həssas vəziyyətə düşürlər.
“Bu gün dünyanın hər yerində təcili olaraq atəşkəsin bərqərar olmasına çağırıram. Silahlı qarşıdurmalara son qoymaq və birlikdə həyatımızda ən ümdə olan mübarizəyə qarşı səfərbər olmağın vaxtıdır.
Döyüşən tərəflərə üz tutub deyirəm: Hücumlardan geri çəkilin. Etibarsızlığı və düşmənçiliyi kənara qoyun. Silahları susdurun, artilleriyanı dayandırın, hava hücumlarını bitirin.
Həyatları xilas edən yardımlar üçün dəhlizlərin yaradılmasına kömək etmək, diplomatiya üçün dəyərli imkanlar yaratmaq, COVID-19-a ən həssas olan yerlərə ümid gətirmək çox vacibdir.
COVID-19-a birgə yanaşmaları təmin etmək üçün münaqişə tərəfləri arasında tədricən formalaşan koalisiyalar və dialoqdan ilham alaq. Eyni zamanda, daha çox səylərə ehtiyacımız var.
Müharibə nifaqına son qoyun və dünyamızı məhv edən xəstəliklə mübarizə aparın. Bunun yolu dünyanın hər yerində döyüşləri dayandırmaqdan başlayır. Elə indi. Bəşəriyyətin məhz buna ehtiyacı var, əvvəlkindən daha çox və daha təcili”, - deyə bəyanatda qeyd edilir.