Nyu-York Universitetinin arxeoloji ekspedisiyası Misirin Abidos qəsəbəsində yerləşən firon II Ramzesin məbədində yeni arxeoloji abidələr, o cümlədən taxıl anbarı tapıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ekspedisiyanın rəhbəri Sami İsgəndər məbədin küncündə eramızdan əvvəl 1279-cu ildə tikilmiş sərdabada müxtəlif məişət və bəzək əşyaları olduğunu bildirib. Bundan başqa, II Ramzesin adının yazıldığı yaşıl rəngli lövhə, heroqliflərlə işlənilmiş saxsı qablar da aşkar edilib.
Arxeoloqlar fironun məbədinin altında kərpicdən tikilmiş zirzəmi də tapıblar. Bu zirzəmi taxıl anbarı kimi istifadə olunub. Yaxınlıqda isə Ptolemey sülaləsi dövrünə aid olan, buğaların qurban kəsildiyi on iki otaq və çoxlu sümüklər tapılıb. Professor Sami İsgəndər bildirib ki, bu məbəd II Ramzesin sağlığında inşa edilib, yardımçı tikililər isə onun ölümündən sonra tamamlanıb.
Yeni tapıntılar alimlərə eramızdan əvvəl XII əsrdə Qədim Misirin iqtisadi və sosial həyatı barədə daha geniş tədqiqatlar aparmağa imkan verəcək.