Separatçı rejimdə növbəti “seçki” şousu

A- A A+

Paşinyanla keçmiş hərbi xunta arasında qarşıdurma şiddətlənir

Martın 31-də separatçı rejim tərəfindən işğal altında olan Dağlıq Qarabağ bölgəsində qondarma "prezident və parlament seçkiləri” keçirilib. Son "seçkilər” Nikol Paşinyan iqtidarı ilə keçmiş hərbi xunta arasında mübarizənin hələ davam edəcəyini göstərir.

Yekunda tərəflərin namizədlərindən heç biri "seçicilər”in 50 faizinin səsini toplaya bilmədiyi üçün qalib gələ bilməyib. Qondarma qurumun keçmiş "baş nazir”i Araik Arutyunyan 49,25 faiz, sabiq "xarici işlər naziri” Masis Mailyan isə 26,4 faiz səs yığıb və ikinci tura keçib. Növbəti "seçkilər” aprelin 14-də keçiriləcək.

Baş nazir qondarma quruma öz adamını təyin etmək istəyir

Xatırladaq ki, "prezident seçkisində” 14 namizəd, "parlament seçkisində” isə 12 siyasi partiya iştirak edib. 33 yerlik "parlamentə” 361 namizəd var idi. "Prezidentlik” uğrunda əsas namizədlər Dağlıq Qarabağın "keçmiş baş naziri” Araik Arutyunyan, "parlamentin sədri” Aşot Quluyan, "xarici işlər naziri” Masis Mailyan və "Təhlükəsizlik Şurasının” keçmiş katibi Vitaliy Balasardyan idi.

Ermənistanda mütləq hakimiyyəti ələ keçirən Nikol Paşinyan Dağlıq Qarabağda istədiyi namizədin "prezident seçkilərin”də qalib gəlməsini çox istəyirdi. Əslində, "seçkilər”in ilkin nəticələrinə əsasən, Araik Arutyunyanın bir həftə sonra da qalib gələcəyini söyləmək olar.

Bu keçmiş hərbi xuntanın Paşinyan qarşısında növbəti məğlubiyyəti sayıla bilər. Çünki Koçaryan-Sarkisyan koalisiyasının son dayağı Azərbaycanın işğal edilmiş əraziləri idi. Paşinyan Ermənistandakı "məxməri inqilab”dan sonra diqqəti separatçı rejim rəhbərliyinə öz namizədini gətirməyi yönəltmişdi. Seçkilərin nəticələri baş nazirin bu məqsədinə çatdığını və keçmiş hakimiyyətin son dayaq nöqtəsini də məhv etdiyini üzə çıxartdı.

KİV "Seçkiləri” boykot edib

Separatçı rejimin Dağlıq Qarabağda keçirdiyi "seçkilər”ə medianın da reaksiyası sərt oldu. Belə ki, "seçkilər”in nəticəsi ilə bağlı bir çox KİV demək olar ki, material yayımlamadı, qondarma rejimdə keçirilən "seçkilər”i qınadılar. Erməni mediasının verdiyi məlumata görə, "seçkilər” tam başıpozuqluq, "bardak” vəziyyəti ilə seçilib. "Sputnik Armenia” saytı yazır ki, ilk dəfə seçkiləri izləmək üçün "beynəlxalq müşahidəçilər” də olmayıb. Jurnalistlər üçün koronavirus təhlükəsi üzündən mətbuat mərkəzləri də yaradılmayıb.

Separatçı rejimin yaydığı məlumatda da "seçkilər”in media olmadan keçirildiyi bildirilib. Çoxsaylı pozuntulara dair məlumatlarla yanaşı, səsvermənin nəticələri barədə də narazılıqlar olub. Ermənistandan olan müşahidəçilər sosial şəbəkələrdə qarşılaşdıqları pozuntular barədə statuslar yerləşdiriblər.

Qondarma qurumda "prezident seçkiləri” ilə yanaşı, "parlament seçkiləri” də keçirilib və burada Araik Arutyunyanın bloku olan "Azad Vətən” bloku 40 faizlə qalib gəlib. "Seçkilər”in nəticələrinə görə, "parlament”ə beş partiya keçir.

"Seçkilər”i izləyən Rusiyanın "Kommersant” qəzetinin erməni müxbiri prosesi "analoqsuz hal” adlandırıb. Yazıb ki, maska və əlcəklə keçən "seçki” özündə ciddi riskləri birləşdirir.

Erməni politoloq Artur Atayev isə qeyd edir ki, "DQR” hələ də Paşinyanı siyasi lider kimi qəbul etmir: "Qurumda hərbi sindrom xarakterikdir, yəni döyüş təcrübəsi olmayan siyasətçi nüfuzlu şəxs hesab edilmir. Bu mənada "məxməri inqilab” Ermənistanı "DQR”dən ayırıb. Onlar arasında qarşıdurma daha da dərinləşəcək”.

Xankəndidə etirazlar başladı

"Parlament və prezident seçkiləri”nin nəticəsindən narazı qalan ermənilər etiraz aksiyası keçiriblər. 200-dən çox erməni Xankəndidə "seçki” saxtakarlığına etirazını bildirib, nəticələrin ləğv olunmasını, qondarma qurumun rəhbəri Bako Saakyanın, "polis rəisi” Levon Mnatsakanyan və "Təhlükəsizlik Şurasının katibi” Arşavir Qaramyanın istefasını tələb ediblər. Narazı ermənilər "seçkilər”in mənasız olduğunu deyiblər. Onlar saxtakarlıq və qanunsuzluğun hökm sürməsindən şikayətləniblər.

Erməni mediası da yazır ki, beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər bəyanat verərək "seçkiləri” tanımadıqlarını bəyan ediblər. Bildirilib ki, koronavirusun geniş yayıldığı bir vaxtda Paşinyanın "seçkilər” keçirməkdə məqsədi Qarabağdakı separatçı rejimə öz adamını yerləşdirmək olub.

O da qeyd olunur ki, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində koronavirus aşkarlanan kənd təcrid edilib. Laçın rayonunun ərazisinə daxil olan kəndə giriş-çıxış qadağan olunub. Bildirilib ki, koronavirusa yoluxanın təmasda olduğu insanların sayı məlum deyil. Onun ailə üzvləri və daha 20 nəfərlə təmasda olduğu ehtimal edilir.

"Favorit Arutyunyandır”

Terrorçu "Sasna tsrer” partiyasının tərəfdarı olan keçmiş səfir, "Modus vivendi” mərkəzinin rəhbəri Ara Papyan erməni KİV-ə açıqlamasında deyib ki, ötən ayın sonunda keçirilən "seçkiləri” əslində seçki adlandırmaq olmaz. Bütün dünyada kütləvi tədbirlərin ləğv edildiyi, karantin tətbiq olunduğu bir vaxtda Qarabağda 76 min adamı küçələrə çıxarıb seçki məntəqələrinə aparmaq virusun yayılması üçün böyük risk yaradıb: "Deyirlər ki, Qarabağda yoluxma halı aşkarlanmayıb. Kim bunu axtarıb? Cəmi 29 nəfərdən analiz götürüblər. Üstəlik mən orada olmasam da dostlarım bildirir ki, bu seçkilər hansı pozuntularla keçib. Müxtəlif formalarda rüşvət verilməsi, seçicilərin ələ alınması, onlara təzyiqlər və təhdidlər barədə nəhəng həcmdə informasiyalar daxil olub”.

Sabiq səfir onu da əlavə edib ki, "prezidentlik” üçün hazırda favorit Arutyunyandır. Çünki o, köhnə klanın nümayəndəsi kimi həm Sarkisyanı, həm də baş nazir Paşinyanı qane edir.

ABŞ Qarabağ separatçılarına göstərdiyi birbaşa yardımı dayandırıb

Hadisələrin bu səpkidə cərəyan etdiyi bir vaxtda isə ABŞ-dan Ermənistana vurulan tərs şillə bu ölkədə əsl şok effekti yaradıb. Söhbət ABŞ-ın Qarabağ separatçılarına göstərdiyi birbaşa yardımı dayandırmasından gedir. Xatırladaq ki, erməni lobbi təşkilatlarının və konqresmenlərin fəal səylərinə baxmayaraq, ABŞ Qarabağ separatçılarına göstərdiyi birbaşa yardımı dayandırıb. Amerika Tədqiqatları Erməni Mərkəzi yardımın bərpası üçün bütün cəhdlərin səmərəsiz qaldığını bildirib. Erməni mediası yazır ki, yardımın bərpası üçün bütün cəhdlər tam iflasa uğrayıb.

Erməni politoloq Qaqik Hambaryan isə qeyd edir ki, kimsə səhv başa düşürsə və ya fövqəladə bir şey olmadığını iddia edirsə, o halda mən deyərdim ki, bu, Ermənistan hakimiyyətinə siyasi mesaj və Tramp tərəfindən Paşinyana vurulan bir şillədir. Qeyd edib ki, Vaşinqtonun bu demarşı, hətta ABŞ-dakı kifayət qədər nüfuzlu erməni lobbisinin belə Tramp administrasiyasını bu qərarı yenidən nəzərdən keçirməyə inandıra bilmədiyini və Ermənistan-Amerika münasibətlərinin nə qədər utancverici olduğunu göstərir: "1.5 milyon dollar ABŞ üçün "simvolik” və cüzi bir məbləğdir, lakin bunun əhəmiyyəti çox böyük idi. Ermənistanla yanaşı, Qarabağa yalnız ABŞ dövlət səviyyəsində yardım göstərirdi və bununla da faktiki olaraq Bakı və Ankaranı əsəbiləşdirən de-fakto Qarabağı tanımış olurdu. Ankara və Bakı uzun müddətdir ki, bu yardımı ləğv etdirmək istiqamətində iş aparırdı. Ancaq Trampın bu qərarı təkcə Türkiyə-Azərbaycan lobbisinin fəaliyyətinin nəticəsi deyil, həmçinin Vaşinqtonda diqqətdənkənar qalmayan şeylərə yol verən Paşinyanın hərəkətlərinə Vaşinqtonun cavabıdır”.

Xatırladaq ki, Paşinyanın 2019-cu ildə ABŞ səfərinin iflasa uğraması, onu Vaşinqtonda federal səviyyədə heç kimin qəbul etməməsi, Tramp administrasiyasının daha ağrılı bir şillə vuracağını göstərirdi və bu da özünü çox gecikdirmədi. Tramp administrasiyasının bu qərarının həm də Ermənistan ictimaiyyətinin bilmədiyi Qarabağ məsələsi ilə bağlı aparılan danışıqlarda baş verən bəzi proseslərlə əlaqəli olduğu da istisna edilmir.

 

Elçin Cəfərov

"Azərbaycan” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: