Pakistanın şərqində yerləşən Pəncab əyalətində hərbi təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb.
NUHÇIXAN İnformasiya Agentliyi 24news telekanalına istinadla xəbər verir ki, qəza nəticəsində göyərtədəki təlimatçı və pilot həlak olub. Təyyarənin açıq sahəyə düşdüyü, yerdə yaralanan və ölənlərin olmadığı bildirilir. Hadisənin təhqiqatı üçün komissiya yaradılacaq.
Qeyd edək ki, qəzaya uğrayan qırıcı ilin əvvəlindən bu yana Pakistan Hərbi Hava Qüvvələrinin itirdiyi dördüncü təyyarədir: fevralın 7-də təlim uçuşu zamanı “Mirage” tipli qırıcı təyyarə, fevralın 12-də iki yerlik “Cessna T-37 Tweet” reaktiv təyyarəsi qəzaya uğramışdı. Hər iki halda pilotlar sağ qalmışdı.
Daha bir hərbi təyyarənin - F-16 qırıcısının martın 11-də Pakistanın paytaxtı İslamabad yaxınlığında qəzaya uğraması nəticəsində eskadra komandiri Noman Əkrəm həlak olmuşdu.