Afrikada COVID-19 koronavirusu ilə bağlı vəziyyətin ən pis inkişaf variantında qitənin 1,3 milyard əhalisindən 1,2 milyarda qədəri yoluxa və 3,3 milyon insan həyatını itirə bilər.
NUHÇIXAN İnformasiya Agentliyi Associated Press agentliyinə istinadla xəbər verir ki, belə qiymətləndirmə BMT-nin İqtisadi Komissiyasının Afrika üzrə məruzəsinə əksini tapıb. Sənədə əsasən, hətta ən optimist qiymətləndirməyə görə, qitədə yeni koronavirus səbəbindən 300 min insanın ölməsi, sosial məsafə qaydasına əməl olunacağı təqdirdə belə, yoluxan insanların sayının 122 milyon nəfərə çatması mümkündür.
Məruzədə əhalinin kasıblığı, şəhərlərin həddən artıq məskunlaşması və səhiyyə sistemindəki ciddi problemlər səbəbindən Afrika qitəsinin COVID-19 koronavirusuna "xüsusilə həssas" olduğu qeyd edilir.
Komissiyanın məlumatında deyilir ki, testlərin aparılması, individual müdafiə vasitələrinin alınması və müalicələr üçün ən yaxşı halda 44 milyard dollar, ən pis halda isə 446 milyard dollar vəsait lazım ola bilər.
Eyni zamanda, pandemiya qitənin iqtisadiyyatına ciddi zərər vura bilər. Həmçinin sənəddə Afrikanın 27 milyon sakininin həddən artıq yoxsul vəziyyətə düşəcəyi də qeyd olunur.
Xatırladaq ki, martın 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometers saytının Bakı vaxtı ilə bu gün saat 22:00-a olan məlumatına əsasən, dünyada 2 milyon 231 mindən çox yoluxma və 150 min 836 ölüm faktı qeydə alınıb, 564 min 718 nəfər isə COVID-19 xəstəliyindən sağalıb.
Afrika qitəsində indiyə qədər yeni koronavirusa yoluxanların sayı 20 min nəfəri ötüb, 1004 nəfər isə xəstəlik səbəbindən həyatını itirib.