Almaniyanın məhşur avtomobil istehsalçısı “Volkswagen Group”un Çindəki satışları ilin birinci rübündə ötən ilin eyni dövr ilə müqayisədə 35,1 faiz azalıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Volkswagen Group China” və onun 3 birgə müəssisəsi bu dövrdə Çinin materik hissəsində və Honkonq xüsusi inzibati bölgəsində bazara ümumilikdə 613 min 900 avtomobil çıxarıb. “Volkswagen Group China”nın idarə heyətinin sədri Stefan Vollenşteyn bildirib ki, şirkət Çinin avtomobil bazarının tezliklə bərpa olunacağına və yayın əvvəlində normal vəziyyətə qayıdacağına ümid edir.
Şirkətin Çindəki müəssisələrinin fəaliyyətini 75 faiz bərpa etdiyini bildirən Stefan Vollenşteyn, ölkədə təxminən 2 min diler şəbəkəsinin hamısının işə başladığını və satışların getdikcə yüksəldiyini deyib. “Volkswagen Group”un Çindəki investisiya proqramı dəyişməyib, cari il üçün nəzərdə tutulan 4 milyard avroluq layihələrin icrası davam edəcək.
Qeyd edək ki, Çin bazarına 1978-ci ildə daxil olan “Volkswagen”in ilk birgə müəssisəsi 1984-cü ildə, ikincisi isə 1990-cı ildə yaradılıb. “Volkswagen”, “Audi”, “SEAT”, “ŠKODA”, “Bentley”, “Bugatti”, “Lamborghini”, “Porsche”, “Ducati”, “Scania” və “MAN” brendlərinin sahibi olan “Volkswagen” konserni, həm də Çində birgə müəssisə yaradan ilk xarici avtomobil istehsalçısıdır. Ötən il Çində yerli istehsal avtomobillərin satışında “Volkswagen Group” birinci olub.