BMT koronavirus infeksiyasına qarşı peyvənd maddələrinin tapılması üçün təşəbbüsə start verib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş bu addımı tarixi təşəbbüs kimi dəyərləndirib. O, qeyd edib ki, bəşəriyyət hazırda indiyədək görünməmiş bir düşmənlə üz-üzədir və COVID-19-dan azad dünyaya sahib olmaq üçün səhiyyə sistemləri tarixdə ən böyük çağırışlarla qarşılaşıb. Buna görə də BMT koronavirusun törədicisi olan SARS-COV-2 virusuna qarşı peyvənd maddələrinin tapılması üçün təşəbbüsə start verib və bir çox ölkələr bu təşəbbüsü dəstəkləyirlər.
Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesus bildirib ki, təşəbbüsün əsas hədəfi peyvənd maddələrinin inkişafı, istehsalı və bərabər hüquqlar əsasında paylanması, eləcə də COVID-19 xəstəliyinin diaqnoz və müalicə imkanlarını sürətləndirməkdən ibarətdir.
Bu məqsədlə Aİ tərəfindən may ayının əvvəlində donorların onlayn konfransı təşkil olunacaq və həmin konfransda 7,5 milyard avronun toplanacağına ümid bəslənilir. Əldə olunan vəsaitlər koronavirusun törətdiyi COVID-19 xəstəliyinin profilaktikası, diaqnoz və müalicəsinə yönəldiləcək. Avropa Komissiyasının prezidenti Ursula fon der Layen konfransla bağlı bildirib ki, dünyanın hər bir guşəsində əlçatan olan bir peyvənd maddəsi hazırlanmalı, istehsal edilməli və insanlara çatdırılmalıdır. O, bu peyvəndi bəşəriyyətin ümumi sərvəti olacağını ifadə edib və buna görə də mümkün qədər çox donorun konfransa qatılmasını arzulayıb.